“Neftçi” sol cinah müdafiəçisini transfer etdi

25 iyul 2020, 01:10

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı sol cinah müdafiəçisi komandamızın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Quarani” (2019-2020) olan Tallison Diaz Braziliyanın ASA (2012-2014), “Flamenqo” (2015-2016), “Fortaleza” (2015), “Ferroviaria” (2016), “Seara” (2016-2017), “Red Bull Brasil” (2017), “Vitoria” (2017-2018) və “Novorizontino” (2018), həmçinin Belçikanın “Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, “Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandamıza qayıdıb.