Azərbaycan çempionatının qalibi

  • Əhməd Ələsgərov

    "Neftçi"nin tarixinə adını qızıl hərflərlə yazdırıb. 1966-1970, 1979-1982, 1991-1992, 1999-2000-ci illərdə komandamıza rəhbərlik edib. Onun başçılığı altında SSRİ-də də ilk medalını qazanan "Neftçi" Azərbaycanın ilk müstəqil çempionatının qalibi adını da məhz bu mütəxəssisin rəhbərliyi ilə əldə edib.

  • Samir Ələkbərov

    "Neftçi"nin ilk çempionluğunun əldə edilməsində böyük pay sahibi olub. Məhz 1992-ci il oktyabrın 24-də Respublika stadionunda keçirilən "Turan"la oyunun 42-ci dəqiqəsində onun vurduğu qol komandamızın çempionluğunu rəsmiləşdirib. Bu qolla həm də «Neftçi»nin ölkə çempionatındakı 100-cü qolunun müəllifi kimi tarixə düşüb.

    Mövsümün sonunda Azərbaycanın ilk müstəqil çempionatının ən güclü futbolçusu seçilib və "Neftçi" forması ilə çıxdığı 34 oyunda rəqib qapılarından 36 top keçirib. Bu nəticə ilə həmin mövsüm bombardirlər yarışında ikinci olub.

  • Yunis Hüseynov

    İlk Azərbaycan çempionatında komandamızın ilk kapitanı və ilk qolunun müəllifi kimi adını "Neftçi"nin tarixinə yazdırıb. Çempionluq titulunun qazanılmasında böyük pay sahibi olub və mövsümdə ilk oyundan ardıcıl 12 tur ard-arda rəqib qapıçılarını məyus edib. 25 matçda 29 qol vurmaqla bombardirlər arasında 4-cü olub.

  • Novruz Əzimov

    İlk Azərnbaycan çempionatının ən maraqlı hadisəsinin qəhrəmanı kimi futbol tariximizə düşüb. "Neftçi"nin mövsümdəki ilk oyunundan sonra Dağlıq Qarabağdakı erməni təcavüzünə qarşı mübarizə aparmaq üçün karyerasını yarımçıq qoyaraq könüllü olaraq cəbhəyə yollnanıb. Komandamızın heyətində mövsümdə bir oyun keçirməsinə baxmayaraq, “Neftçi” çempion olandan sonra AFFA-nın qərarına əsasən ona qızıl medal təqdim edilib.

  • Dmitri Kramarenko

    Həmin mövsüm komandamızın heyətində xüsusi seçilən futbolçulardan biri də qapıçımız idi. Məhz onun inamlı oyunu "Neftçi"yə ilk dəfə keçirilən müstəqil Azərbaycan çempionatının qalibi adı qazanmağa kömək etdi. Həmin mövsüm ardıcıl 6 matçda qapısının toxunulmazlığını qoruyan qolkiper 31 oyunda cəmi 16 qol buraxmaqla çempionluqda böyük pay sahibi oldu.

  • Əsgər Abdullayev

    İlk Azərbaycan çempionatında "Neftçi"nin heyətində mövsüm başlayarkən ciddi itkilər olsa da, komandamızın özəyi qorunub saxlanmışdı. Hücum xətti ilə yanaşı, müdafiədə də inamlı oyun "Neftçi"nin çempion olmasında böyük pay sahibi oldu. Xüsusən Əsgər Abdullayevin bu mövqedəki etibarlılığı rəqiblər üçün keçilməz sədd yaratmışdı. O, bu mövsümdə komandamızın heyətində ən çox oyun keçirmiş ikinci futbolçu idi.