Samir Abasov: “İnanıram ki, daha yaxşı “Neftçi” görəcəyik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Qarabağ” klubu ilə 15-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Gərgin və maraqlı oyun keçdi. Qələbə qazanmaq istədiyimiz oyun idi, amma təəssüf ki, bunu bacarmadıq. Rəqib səhvlərimizi bağışlamadı. Futbolçularda olan əzm və istək gələcək oyunlara ümid verir. İnanıram ki, daha yaxşı “Neftçi” görəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “İndiki vəziyyətdə çempionluqla bağlı nəsə demək çətindir. Reallıqları qəbul etsək, çempionluq çox çətin olacaq. Hər oyuna qələbə üçün çıxacağıq. Yayda edilmiş transferlərin uğursuz olduğunu düşünmürəm. Digər komandalarda da belə hallar yaşanır. Ən arzuolunmaz ayrılıq Romen Baskın gedişi oldu ki, o da özü gedəsi oldu, biz göndərmədik. Qazanılan nəticələrə görə sözümüzü deyəcəyik. Uğursuzluğa gəlincə, hər şeyə rəhbərlik qərar verəcək. Mən özümə vaxt istəmirəm. Reallıqları bilən adamam. Burada heç bir baş məşqçi vaxtdan danışa bilməz. Hər bir klubda vəziyyət eynidir. Vaxt yeni futbolçuların adaptasiyası üçün lazımdır. Fikrimcə, Gilyerme Pato bu gün ən yaxşılardan biri idi, halbuki onu pisləyirdilər. Hər bir oyunçuya vaxt lazımdır. Bir futbolçu mənim komandamdadırsa, onun uğursuz transfer olduğunu deyə bilmərəm. Xəyal Nəcəfov bu gün meydanda özünü yaxşı tərəfdən göstərdi. Yusuf Lavala diqqət daha da artıb. Əvvəllər daha çox boşluq əldə edirdisə, indi bəzən çətinliklər yaşayır. Sürətinin aşağı düşdüyünü düşünmürəm, əksinə, hücumda ən fəallardan biridir. Ölkə xaricindən də ona diqqət çoxdur. Azərin meydana çıxması fiziki vəziyyətindən asılıdır. Müəyyən müddət var ki, o dövrü keçməlidir. Bundan sonra daha çox oynamaq şansı qazanacaq. İkinci hissədəki dəyişikliklərin səbəbi hücumu gücləndirməklə bağlı idi. Sistemi isə dəyişmədik. Rəqibdən də çox şey asılıdır. Həddən artıq sıx oynayır. Nəyi səhv və ya düz etdiyimizi demək üçün oyunu təhlil etməliyik. Sabir Buqrinlə Mamadu Kane açar oyunçularımız idi. Kanenin məsələsi bitib. Son günədək ümidimiz böyük idi. İlkin söhbətlərimiz belə idi ki, futbolçu 90-95 faiz “Nefçti”yə qayıdacaq, amma Bakıya gələn gün aeroportda bildik ki, “Olimpiakos”a gedəcək. Azarkeşlərin istəyi odur ki, hər oyuna çıxıb əzmkarlıq göstərək və qalib gələk”.