Mübariz Orucov: “Yarışdan qopmamışıq”
“Neftçi” PFK-nın məşqçisi Mübariz Orucov Premyer Liqanın “Keşlə” klubu ilə 10-cu tur – “Zəfər turu” matçından sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Öncə Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Qələbəni bizə qanı, canı ilə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Oyuna gəlincə, yaxşı başladıq, amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədə səbəbindən məcburi dəyişikliklərimiz var idi. Ömər Buludov ötən tur zədələnmişdi, Sabir Buqrin məşqlərdə iştirak etməmişdi. Ayağı burxulan Yusuf Lavalın da xidmətindən istifadə etmək fikrimiz yox idi, amma sonra məcburiyyətdən onu da döyüşə atdıq. Artıq növbəti oyunlar haqda düşünəcəyik. “Keşlə”ni təbrik edirəm”.
Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Rəqibin qolundan sonra oyun ağırlaşdı. Məcburiyyətdən etdiyimiz rotasiyaların da mənfi təsiri oldu. Kamran İbrahimov gənc qapıçımızdır, onu dəstəkləyirik. Onun qapıda dayanması da məcburi dəyişiklik idi. Çünki Aqil Məmmədov məşqdə zədələnmişdi. Kamranın da səhvləri oldu, bu, təcrübəsizlikdən də irəli gələ bilər. Vəziyyətin nə yerdə olduğunu bilirik. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamalıydıq. Yarışdan qopmamışıq. Çempionat davam edir, qarşıda görüşlərimiz var. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Xorxe Korrea hələ tam hazır deyil, amma azı yarım saat komandaya kömək edə bilərdi. Tiaqonun zədələnməsi və limit məsələsi onu meydana buraxmağımıza mane oldu”.