Samir Abasov: “Təəssüf ki, yetərincə boşluqlar buraxdıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Qarabağ” klubu ilə 9-cu tur matçından sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Oyuna pis başlamadıq. Hətta qol şansımız da oldu, amma kapitanımız Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi. Rəqibin futbolçuları isə əllərinə düşən fürsətlərdən məharətlə istifadə etdilər. Təəssüf ki, yetərincə boşluqlar buraxdıq. Səviyyə fərqi görünürdü. Bəzi şeylər var ki, onları düzəldə biləcəyimizə inanmıram. Oyunumuzda disbalans var. Bu gün meydana yaxşı motivasiyada çıxmışdıq, amma ard-arda qollar bizi sındırdı. Qolları çıxsaq, deyə bilərəm ki, rəqibə müqavimət göstərdik. Bəzi epizodlarda yaxşı oynadıq, amma keyfiyyət öz sözünü dedi. Futbolçu səviyyəsinə görə iki komanda arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq rotasiya edirsən, amma hər şey ölçülü şəkildə olur. Emini çıxmaq şərtilə yerlilər bu cür oyunlara cavab vermirlər. Onlar yetişməlidirlər. Bizim yaralı yerimiz yerli futbolçulardır. “Qarabağ” güclənib, bu, göz qabağındadır. Bunda “Neftçi”nin də rolu var. Hər iki komandanın azarkeşlərinə təşəkkür düşür, yaxşı abu-hava yaratmışdılar. Etikadan kənara çıxmasalar, daha da yaxşı olar, amma bizim dərdimiz azarkeşlər deyil. Qəbul etməliyik ki, yerli futbolçularımız tələblərimizə cavab vermirlər. Heç nəyi gizlətmək lazım deyil, reallığı demək lazımdır. Bəzi məqamlarda uduzmağımızın səbəbi budur. Təəssüf ki, biz Ozobiçləri, Almeydaları milliləşdirə bilmirik. Həm belə məqamlar, həm də təcrübə baxımından uduzuruq. Ruhumuzu, istəyimizi qoymalıyıq. Oyun başlayanda futbolçuların motivasiyalı olduqları görünürdü. Əhval-ruhiyyə əla idi və bundan sonra da belə olacaq. Amma bəzi məsələlər var ki, mən onları düzəldə biləcək gücdə deyiləm. Biz kimlərisə milliləşdirə bilərik. Çıxış yolunu bunda görürəm”.