“Hədəfimiz istədiyimiz oyunu göstərməyi bacaran komanda yaratmaqdır”

20 sentyabr 2024, 23:04

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının “Qarabağ” klubu ilə 7-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

“Bu gün ölkədə iki bayram qeyd olunur. Azarkeşlərimizi, hamını hər iki bayram münasibətilə təbrik edirəm. Təəssüf ki, bayram günündə azarkeşlərimizi sevindirə bilmədik. Məni ən çox narahat edən budur, amma söz verə bilərəm ki, çox qısa zamanda onlara bu sevinci yaşadacağıq. Ümid edirdik və çox istərdik ki, topa daha çox nəzarət edib hücumlar edək. Amma bunu istədiyimiz səviyyədə gerçəkləşdirə bilmədik. Bu təkcə bizim günahımız deyil, çünki rəqibimiz çox güclü idi. Hədəfimiz istədiyimiz oyunu göstərməyi bacaran komanda yaratmaqdır. Lakin qələbəyə həsrət qaldığımız bir vaxtda bu haqda çox danışmaq istəmirəm. Bununla belə, inanıram ki, çox yaxında bu haqda danışmaq daha asan olacaq. Dünəndən etibarən mənim qərarıma əsasən, ilk kapitanımız Şeydayev, ikincisi Yuri, üçüncüsü isə Robertdir. Hər bir futbolçuma inanıram. Hamımız əminik ki, siz “Neftçi”ni gözəl futbol oynayıb nəticə göstərən çox yaxşı komanda kimi görəcəksiniz. Klub rəhbərliyi ilə müzakirələrimiz olur. Onlar futbolu çox yaxşı dərk edir, komanda naminə nə lazım olduğunu anlayır və gərəkli addımlar atırlar”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: