İvan Brkiç: “Bakını və insanları sevirəm”

8 aprel 2022, 13:15

“Neftçi”nin qapıçısı İvan Brkiç klubun rəsmi saytına müsahibə verib. Bakıda ailəsi ilə birlikdə olmaqdan zövq aldığını bildirən xorvatiyalı futbolçu azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini deyib:

- Artıq 2 aydan çoxdur Azərbaycandasan. Təzəlikcə ailəni də Bakıya gətirmisən. Bizim ölkəyə, paytaxta uyğunlaşa bilmisənmi?

- Bakıda olmaq mənim üçün çox xoşdur. Şəhəri və insanları sevirəm. Burada ailəmlə birlikdə olmaqdan zövq alıram.

- “Neftçi”nin heyətində 7 rəsmi matçda meydana çıxmısan və 5 qol buraxmısan. Uyğunlaşma prosesi necə gedir?

- Uyğunlaşmağım bir qədər vaxt apardı. Komanda məni çox yaxşı qəbul etdi. Şübhəsiz ki, indi özümü gəldiyim vaxtdan daha yaxşı hiss edirəm. Bunu daha da yaxşılaşdırmaq üçün çalışıram.

- “Şamaxı” ilə səfər görüşünə hazırlıq necə gedir? 5 oyunluq qələbə seriyasından sonra “Zirə” ilə matçda xal itirdik. Səncə, bu, qarşıdakı oyunumuza təsir etməyəcək ki?

- Yaxşı hazırlaşırıq, hər şey əladır. 3 xal qazanmaq üçün hər şeyi etməliyik. Bu, əlbəttə ki, asan olmayacaq, çünki səfərdə oynayırıq və başqa vəzifəmiz də var. Çox təəssüf ki, “Zirə”ni məğlub edə bilmədik, amma geriyə yox, irəliyə baxmalıyıq.

- Gözəl seyvlərinlə azarkeşlərin rəğbətini qazanmısan. Əbəs yerə deyil ki, rəsmi “Facebook” səhifəmizdə fanatlar tərəfindən “Zirə” ilə matçın ən yaxşısı seçildin. Onlara nə demək istərdin?

- Buna görə onlara “çox sağ olun” deyirəm. Azarkeşlər bizim 12-ci oyunçumuzdur və onların dəstəyi bizim üçün çox şey deməkdir. Fanatları sevindirmək üçün əlimizdən gələni edəcəyik.