Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”

22 oktyabr 2022, 19:05

“Neftçi”nin yarımmüdafiəçisi Azər Əliyev klubun rəsmi saytına müsahibə verib. Azərbaycan pasportu aldığı üçün qeyri-adi hisslər keçirdiyini bildirən futbolçu Bakını çox bəyəndiyini, klubda hər şeyin onu qane etdiyini deyib.

- Azər, əvvəla səni Azərbaycan pasportu almağın, ölkəmizin vətəndaşı olmağın münasibətilə təbrik edirəm. Necə hisslər keçirirsən?

- Çox sağ olun! Qeyri-adi hisslər keçirirəm. Artıq ölkəmi beynəlxalq arenada təmsil etmək şansımın olduğu üçün doğmalarımın da özlərini necə xoşbəxt hiss etdiklərini təsəvvür edirəm.

- Azərbaycan pasportu almağın həm də milli komandamıza yolunu aça bilər. Millidən dəvət gözləyirsən?

- Bəli, tezliklə milli komandada debüt edəcəyimə və qarşıya qoyulan vəzifələrin həllində milliyə kömək edə biləcəyimə ümid edirəm.

- Gələk “Neftçi”yə. Təxminən 9 aydır buradasan. Klubda, ümumiyyətlə, Azərbaycanda özünü necə hiss edirsən?

- Bakını çox bəyənirəm. Rahat şəraitdə oynamağa və məşq etməyə imkan verən çox yaxşı havası var. Bakı gözəl şəhərdir. Burada olmayan bütün dostlarıma deyirəm ki, onlar belə gözəllik görməyiblər. Klubda da hər şey yaxşıdır, məni qane edir. Düzdür, bəzən çətinliklər olub, amma ümid edirəm ki, hər şey arxada qalıb, qarşıda bizi yalnız yaxşı şeylər gözləyir.

- Geridə qalan müddətdə ağ-qara formada müxtəlif mövqelərdə çıxış etmisən. Özünü daha çox hansı mövqedə yaxşı hiss edirsən?

- Neçə illərdir müxtəlif mövqelərdə oynayıram. Universal olduğumu və hər mövqeyi özünəməxsus şəkildə bəyəndiyimi deyə bilərəm. Standart ifadələrlə deyə bilərəm ki, istənilən mövqedə faydalı olmağa hazıram, amma yenə də müdafiənin sol cinahında oynamağı daha çox xoşlayıram. Bununla belə, 23 yaşıma qədər gah sağ cinah yarımmüdafiəçisi mövqeyində, gah da hücumçunun arxasında çıxış etmişəm.

- Komandamız hazırda 22 xalla 3-cü pillədə qərarlaşıb və növbəti turdakı rəqibimiz “Sabah”dan 3 xal geri qalır. Necə düşünürsən, bu oyunda qalib gəlib xal fərqini aradan qaldıra biləcəyik? Ümumiyyətlə, bu matçdan nə gözləyirsən?

- Bəli, “Sabah” yaxşı məşqçisi olan iddialı komandadır. Lakin təbii ki, biz hər bir matçda olduğu kimi, bu dəfə də meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq.