“İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq”

30 dekabr 2021, 10:15

“Neftçi”nin hücumçusu Ramon Maçado klubun rəsmi saytına müsahibə verib. 2021-ci ili dəyərləndirən braziliyalı futbolçu yeni ilin həm özü, həm də “Neftçi” üçün uğurlu və düşərli olacağına inandığını bildirib.

- 2021-ci il geridə qalmaq üzrədir. Yeni il bayramını necə qeyd edəcəksən?

- Hazırda Braziliyadayam və Yeni il bayramını ailəmlə birlikdə qeyd edəcəyəm. Yanvarın 3-də Bakıya qayıdacağam deyə, bayramı qeyd etmək üçün elə də çox vaxtım yoxdur. Vətənimə dincəlmək, daha çox enerji toplamaq üçün gəlmişəm.

- 2021-ci ili, həmçinin bu mövsümün ilk hissəsində “Neftçi”nin çıxışını və öz oyununu necə dəyərləndirirsən?

- Öz çıxışımdan, demək olar, razı qaldım, amma düşünürəm ki, mən daha yaxşı oynaya, komandamız isə daha yaxşı nəticələr göstərə bilərdi.

- Ağ-qara formada meydana çıxdığın 11 oyunda 3 qola imza atmısan. Necə düşünürsən, daha çox qol vurmağına nə mane oldu? Ümumiyyətlə, mövsümün ikinci hissəsində “Neftçi”dən və öz oyunundan nə gözləyirsən?

- Hesab edirəm ki, vurduğum 3 qol məni qarşıdakı oyunlarda daha çox fərqlənmək üçün ruhlandıracaq. İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq.

- Peşəkar karyeranın lap əvvəlində Almaniyanın “Regensburq” klubundakı çıxışını nəzərə almasaq, Azərbaycan sənin legioner həyatı yaşadığın ilk ölkədir. Ölkəmiz və paytaxt Bakı haqqında nə deyə bilərsən?

- Azərbaycan və Bakı sözün həqiqi mənasında məni təəccübləndirdi. Mən və ailəm bu gözəl şəhərdə çox xoşbəxtik. “Neftçi”də hələ uzun illər oynamaq istəyirəm.

- Yəqin ki, qış fasiləsindən sonra azarkeşlər səndən daha çox qol gözləyəcəklər. Onlara sözün varmı?

- “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün indi özümü daha hazır hesab edirəm. Azarkeşlər mənim timsalımda meydanda daha güclü və daha iradəli futbolçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.

- Yeni – 2022-ci ildən gözləntilərin nədir?

- Yeni ildən gözləntilərim çoxdur. Arzu edirəm ki, daha çox oynamaq şansı qazanıb, daha çox qollar vurum və “Neftçi”nin məqsədinə çatması üçün yaxşı nəticələr göstərməsində faydalı olum.