“Çox istəyirdik ki, qələbə qazanıb qış tətilinə yaxşı əhval-ruhiyyədə gedək”

15 dekabr 2021, 20:00

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Qəbələ” klubu ilə 14-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Çətin səfər oyununa gəlmişdik. İki yaxşı – biri yüksəlişdə, digəri bir az problemləri olan komanda qarşılaşdı. Çox istəyirdik ki, qələbə qazanıb qış tətilinə yaxşı əhval-ruhiyyədə gedək. Nəticəni kənara qoysaq, oyun çox xoşuma gəldi. Futbolçularımı təbrik elədim. Qələbə qazanmadığımıza görə çox üzülüblər. Bugünkü oyun bizim üçün bir stimul oldu. Yolumuza davam edəcəyik”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Kapitanımızın penalti qaçırması çox maraqlı hadisədir. Çünki Emin son vaxtlar məşqdən sonra penalti vuranda qapıçılarımız zərbələri dəf edirdilər. Onunla zarafatlaşırdıq ki, zərbəni dəyiş, artıq bunu bilirlər. O da dəyişmişdi, amma necə oldusa, bu dəfə də eyni qaydada vurdu. Qış fasiləsinə kimi etdiklərimizdən razı deyilik. Həm nəticələrdən, həm də qeyri-stabil oyundan narazıyam. Bunu normal qəbul etdiyimi deməyə qorxuram. Çünki yay fasiləsində komandaya gələn və gedənlər oldu. Ötən mövsüm Sabir Burqinlə Namik Ələskərov bir-birinə yaxşı uyğunlaşmışdılar. Tiaqo Bezerra ilə Namik Ələskərovu eyni tərəziyə qoymaq olmaz, amma komanda yoldaşları ilə tam uyğunlaşmaması problem yaradır. Qeyri-stabilliyin bir səbəbi də bu ola bilər. Tiaqonun bu gün qaçırdığı üç epizodun hamısında Namik bəlkə də qol vurardı, amma onun məşqlərdə etdikləri tam fərqlidir. Açığı, bütün epizodlarda Kamran İbrahimovun təcrübəsinin olmadığı sezilirdi. Bu bizim məşqlərdə gördüyümüz Kamran deyil. Bizim işimiz şans verməkdir, onun arxasında durmaqdır. Əgər bu şanslardan istifadə edəcəksə, əsas heyətin qapıçısı olacaq. Elə futbolçular var ki məşqdə kral kimi olur, oyunda təşvişə düşür. Kamrana bu gün elə də təzyiq olmadı, amma təcrübəsizliyi və həyəcanı hiss olunurdu. Transfer işlərində əsasən yerlilərin üzərində durmuşuq. Düzdür, vəziyyətlə əlaqədar mümkünsüz kimi görünür, amma mümkün olan hər yola əl atmağa çalışırıq. İstədiyimiz yerli futbolçular var ki, onlarla balansı düzəltmək istəyirik”.