Mübariz Orucov: “Çox ağır dönəm keçiririk”

20 noyabr 2021, 21:30

“Neftçi” PFK-nın məşqçisi Mübariz Orucov Premyer Liqanın “Sabah” klubu ilə 11-ci tur matçından sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb: “Qələbə qazanıb vəziyyəti düzəltmək istəyirdik. Alınmadı. Çox ağır dönəm keçiririk. Vəziyyəti qaydasına salmağa çalışacağıq. Yəqin ki, gələcək oyunlarda yaxşı olacaq”.

Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Problemlərin səbəbini bilirik, bunların üzərində işləyəcəyik. Son iki oyunda fərqli iki hissə oldu. İlk hissədə biz, fasilədən sonra rəqib üstün oldu. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil, birinci pillədən çox geridəyik. Bunun fərqindəyik, amma heç nə bitməyib. İnşallah, komandanı əvvəlki formasına qaytaracağıq. Ardıcıl məğlubiyyətlərdən sonra təbii ki, məyusluq olur. Düzdür, gərginlik yoxdur, amma hər kəs məyusdur. Üzərimizdə rəhbərlik tərəfindən təzyiq yoxdur. Ümumi gərginlik var, bunu üzərimizdən atmalıyıq. “Neftçi” azarkeşləri daim qələbə istəyir. Bu normal haldır. Azarkeş də əsəbiləşir, amma etikadan kənara çıxmamaq lazımdır. Fanatlar emosional olur və bəzi şeylər bundan yaranır. Mirabdulla Abbasov hisslərini cilovlaya bilmədi. Nə baş verdiyini dəqiq bilmədim, amma belə başa düşdüm ki, azarkeşlərdən kimsə onu təhqir edib”.