“Qarabağ”la oyuna hazırlıq davam edir

10 sentyabr 2021, 15:21

“Neftçi” Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını davam etdirir. Milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilə zamanı avqustun 28-dən 30-dək 3 günlük istirahətə buraxılmış “ağ-qaralar” ayın 31-də hazırlığı bərpa edib.

Bu müddət ərzində “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən məşqlərə yeni transfer olunmuş braziliyalı hücumçular – Ramon Maçado və Tiaqo Bezerra da qatılıblar. Milli komandanın düşərgəsindən qayıdan Mamadu Kane dünən, Emin Mahmudov isə iki günlük istirahətdən sonra bu gün məşqə qoşulub.

Qeyd edək ki, hazırda iki seneqallı futbolçu komandanın düşərgəsində baxışdadır. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman da məşqlərdə iştirak edirlər. Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq və bu haqda rəsmi məlumat veriləcək.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu sentyabrın 12-si saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.