"Oyunu analiz edib, səhvləri aradan qaldırmağa çalışacağıq"
"Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 15-ci turunun "Sumqayıt” klubu ilə oyunusonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Bir səhvin matçın taleyini dəyişdiyini deyən mütəxəssis səhvləri aradan qaldırmağa çalışacağını bildirib:
"Gərgin oyun oldu. Belə olacağını bilirdik. Komandanı buna hazırlamışdıq. Bir səhv oyunun taleyini və planlarımızı dəyişdi. Fasilədən sonra etdiyimiz dəyişikliklərin və futbolçuların göstərdiyi fədakarlığın nəticəsində qol vurduq, məğlubiyyətdən qurtulduq. Amma unutmuram ki, bu, "Neftçi”dir. "Neftçi” hər oyuna qələbə üçün çıxır. Oyunu analiz edib, səhvləri aradan qaldırmağa çalışacaq və qarşıdakı matçlara hazırlaşacağıq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Sumqayıt” sürətli komandadır. Azlıqda qalandan sonra oynamaq ikiqat çətindir. Müdafiəyə çox güc düşürdü, arxa xətt oyunçuları da fədakarlıq edirdilər. Bunun nəticəsində rəqibin bəzi epizodlarında qol olmurdu. Hücum və yarımmüdafiə ilə müqayisədə müdafiənin keyfiyyət cəhətdən geri qaldığını düşünmürəm. Bütün oyunlarda güc daha çox orta xəttin üzərinə düşür. Biz futbolçulara tapşırıqlar veririk, amma onlardan çox şey istəyə bilmərik. Tapşırıqları yerinə yetirmələri üçün onlara bir qədər zaman lazımdır. Bəli, haqlısız, oyundan sonra Dabonu çağırdım ki, azarkeşlərə tərəf getsin, amma o, paltardəyişmə otağına yollandı. Bununla belə, evdə qalib gəlmədiyimizi nəzərə alsaq, futbolçuların aqresiyaları normaldır. Dabonun üstünə çox getməməliyik. O, bu gün daha kəsərli, daha istəkli idi ki, bu da məni sevindirir. Belə vəziyyətdə futbolçuları anlamalı, onları başa salmalıyıq. Azarkeşlərə təşəkkür edirəm ki, bizi 90 dəqiqə dəstəklədilər. Fanatlara tərəf getmək istəyirdik, amma onların tribunaları məyus şəkildə tərk etdiklərini görəndə, paltardəyişmə otağına yollandıq. Qırmızı vərəqə alan Voislav Stankoviç önəmli futbolçudur, amma Mamadu Mbodj da təcrübəlidir. Yəni qarşıdakı oyunda Mbodj da oynaya bilər. Ondan başqa, gənc futbolçumuz da var ki, ehtiyac olarsa, o da meydana çıxa bilər”.