Azərbaycan çempionatının qalibi

Ardıcıl 3-cü çempionluq

Ardıcıl iki il çempionluq sevinci yaşayan “Neftçi” uğurunu yenə də təkrarlamaq niyyətindəydi. Bu səbəbdən heyətə Nikolas Kanales, Julius Vobay, Erik Ramos, Bruno Bertuççi kimi legionerlər cəlb edildi.

Flaqman ötən mövsüm olduğu kimi, yenə də təsnifat mərhələsində bütün rəqiblərini geridə qoymağı bacardı. “Sumqayıt” üzərində 8:1 hesablı qələbə diqqətçəkən məqamlardan biri oldu.

                       

“Neftçi” final məthələsinə xal itkisi ilə başladı. “Bakı” ilə heç-heçədən (1:1) sonra flaqmanı çempionluq uğrunda mübarizədə əsas rəqiblər – “İnter”“Qarabağ”la oyunlar gözləyirdi. “İnter”ə səfərdə minimal hesabla qalib gələn “ağ-qaralar” evdə Ağdam təmsilçisinə uduzdular – 1:2. Buna baxmayaraq, “Simurq” (1:0), “Qəbələ” (2:1) və “İnter”i (2:0) məğlub edən “Neftçi” “Qarabağ” üzərində  2:1 hesablı səfər qələbəsi qazanmaqla sona 3 tur qalmış çempionluğa daha da yaxınlaşdı. Lakin mayın 9-u evdə “Simurq”u yenə bilməyən (1:1) “neftçilər” 5 gün sonra Qəbələdə eyniadlı komanda ilə çempionluğu rəsmiləşdirən 1 xalı (1:1) qazandı. Sona 1 tur qalmış əldə edilən titul ardıcıl 3-cü, “Neftçi”nin tarixində isə 8-ci oldu.