Azərbaycan çempionatının qalibi

"Qızıl Oyun"la Qazanılan Çempionluq

Yeni mövsümün hazırlığına Bakıda başlayan «Neftçi» təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmək üçün Kislovodska yollandı. Zədəli kapitan Qurban Qurbanov müalicəsini davam etdirmək üçün paytaxtda qaldı. Komandamızla müqaviləsi ola-ola AFFA-nın da təzyiqi ilə «Turan»a keçməyə məcbur edilən Nadir Nəbiyevdən fərqli olaraq, yeni qoşulan İlham Yadullayev də toplanışa getdi. Rusiyada Pyatiqorskun «Maşuk-KVM» komandası ilə oyun zamanı rəqibin heyətində çıxış edən Anatoli Tebloyevi bəyənən baş məşqçi Kazbek Tuayev onu Bakıya baxışa dəvət etdi. Onunla bərabər Bolnisinin «Sioni» klubundan hücumçu Şalva İsiani ilə yarımmüdafiəçi David Svanidze də baxışa gəldi və Çempionlar Liqası ərəfəsində hər üç oyunçuyla müqavilə bağlandı. Bəri başdan deyək ki, İsiani «Şiroki Briyeq»lə oyunlardan sonra, Svanidze isə birinci dövrə bitən kimi geri qayıtdılar.

                          

Komanda Çempionlar Liqasının ÇSKA ilə səfər matçından sonra Bakıya dönüb çempionatın oyununa hazırlaşsa da, Tuayev Vətənə bir qədər gec qayıtdı. ÇSKA ilə oyuna görə «Neftçi»nin birinci turda «Bakı»yla oyunu da təxirə salındı. Baş məşqçisiz ilk oyuna çıxan futbolçularımız əvvəlki gücünü itirmiş «Şəmkir»i son dəqiqələrdə vurduğu yeganə qolla çətinliklə məğlub etdi. Komandamız 3-cü turun «Karvan»la təxirə salınan oyunu da nəzərə alınmaqla sonraya keçirilən iki matçdan cəmi bir xal toplaya bildi ki, bu da turnir cədvəlindəki vəziyyətə çox pis təsir göstərdi. Autsayderlərdən olan «Gənclərbirliyi», «Göyəzən», «Bakılı», «MKT-Araz» kimi rəqiblər üzərində qələbələr «ev»də MOİK-lə gözlənilməz heç-heçə və səfərdə «İnter»ə məğlubiyyətlə əvəz olundu.

                             

Birinci dövrənin gedişində heyətə xorvat Tomislav Vişeviçlə nigeriyalı Stenli Udenkvorun cəlb olunması da kömək etmədi. Bu arzuolunmaz start və liderlərdən xeyli aralı düşmək rəhbərliyin səbr kasasını doldurdu. Vitse-prezident Namiq Quliyevin ardından Kazbek Tuayev istefaya göndərildi. 2004-cü ilin ortalarından icraçı direktor işləyən Ramin Musayev vitse-prezident təyin edildi, baş məşqçi isə sovet dövründə uzun müddət «Neftçi»də çalışmış Ağasəlim Mircavadov oldu. Hər iki şəxsin qarşısına qoyulan əsas məqsəd komandada ruh yüksəkliyini qaldırmaq və intizamı bərpa etmək idi. Əvvəlcədən qeyd etmək lazımdır ki, hər iki şəxs, xüsusilə də Ramin Musayev həm futbolçularda əhval-ruhiyyənin, həm də intizamın yüksək olması üçün xeyli iş gördü. Bunun nəticəsində komanda Tovuzda məğlubiyyət və Cəlilabadda heç-heçə istisna olmaqla, qalan oyunlardan qələbə ilə ayrılıb liderlərə bir qədər yaxınlaşdı.

«Neftçi» yanvarda MDB və Baltikyanı ölkələrin çempionlarının ənənəvi «Birlik Kuboku» turnirində iştirak edəcəyindən qış fasiləsini digər komandalardan tez bitirdi. Oyun dəsti-xəttimizə uyğunlaşa bilməyən Svanidze ilə Udenkvor, eləcə də Yadullayev komandanı tərk etdilər. Əvəzində hərbi xidmətdə olan gənclər – Elnur Allahverdiyevlə Rəşad Sadiqov komandaya qayıtdılar. Moskvaya səfər ərəfəsində isə son dövrlərin ən uğurlu transferi - gürcü Georgi Adamiya, Ruslan Qafitulin və xorvat Darko Çordaşla müqavilə bağlanıldı. İssa Nikiema isə baxış üçün Moskvaya aparıldı və bəyənilməyərək geri qaytarıldı.

                         

İkinci dövrəyə «Bakı»yla heç-heçə ilə başlayan «Neftçi» ardıcıl qələbələrlə liderlər qrupuna daxil olmuşdu ki, «İnter», ardınca isə gözlənilmədən «MKT-Araz»la «ev»də heç-heçələr vəziyyəti çətinləşdirdi. İkinci dövrənin ortalarında isə heyəti gücləndirmək məqsədilə sloveniyalı hücumçu Tomislav Mişura və gürcü müdafiəçi Valeri Abramidze ilə də müqavilə bağlanıldı.

                           

Futbolçularımız çempionatın həlledici mərhələsi sayılan son 5 tura liderlərlə bir sırada gəlsələr də, «Qarabağ»la Suraxanıda keçirilən dramatik oyun çempionluq şansını azaltdı. Əvvəlcə ağdamlılar hesabı açdı, sona 9 dəqiqə qalmış Tomislav Mişura cavab qolunu vurdu. Amma meydan sahibləri hakimin əlavə etdiyi dəqiqələrdə qələbə qolunu vura bildilər. Çempionluq şansının qalması üçün «Neftçi» əsas rəqibləri olan «Turan» «Xəzər-Lənkəran»ı Bakıda, «Gəncə»ni isə səfərdə udmalıydı. Bütün bu qarşılaşmaları birnəfəsə keçirən futbolçularımız inanılmaz əzmkarlıq göstərərək vacib olanı olduqca çətin mübarizədə əldə etdilər. «Şəfa» birinci dövrədən sonra çıxışını dayandırdığından, son turda texniki qələbə alan komandamız çempionluğunu rəsmiləşdirmək üçün digər rəqiblərinin oyunlarını gözləməli idi. Gəncədə son dəqiqələrdə vurulan penalti ilə qələbə qazanan «Xəzər-Lənkəran» xalını «Neftçi» ilə bərabərləşdirdi və əsasnaməyə görə çempion «qızıl oyun»da müəyyənləşməli oldu.

                        

Klub tarixinin daha bir şərəfli oyunu iyunun 10-da 25 min azarkeşin gözü qarşısında Gəncə şəhər stadionunda keçirildi. Milli çempionatlar tarixində ilk dəfə olaraq əcnəbi hakimin idarə etdiyi matça Azərbaycanın hər tərəfindən futbolsevərlər gəlmişdi, bütün ölkə bu qarşılaşma ilə nəfəs alırdı. Karlo Bertolininin start fitindən sonra lənkəranlılar irəli atılıb hesabı açdılar. Ən çətin anlarda toparlanmağı bacardığını dəfələrlə nümayiş etdirən «Neftçi» futbolçuların döyüşkən ruhu nəticəsində ikinci hissədə Ruslan Abbasovun uzaq məsafədən vurduğu qarşısıalınmaz zərbə ilə hesabı bərabərləşdirdi. Bir neçə dəqiqə sonra isə Zaur Tağızadə qələbə qolunu vurdu. Komandamız əzmkar keçirdiyi mövsümü layiqli qələbə ilə başa vurub 5-ci çempionluğuna qovuşdu.