Azərbaycan Kubokunun qalibi

Növbəti "qızıl dubl"la 4-cü kubok

Bu mövsüm çempionatda olduğu kimi, ölkə kubokunda da komandanın qarşısına qoyulan məqsəd əsas mükafata sahib çıxmaq idi.

“Lokomotiv” (İmişli) yarışdan çıxdığına görə “Neftçi” 1/4 finala oynamadan yüksəldi. Bu mərhələdəki rəqib “Şəfa”nı da keçmək çətin olmadı – 6:1, 1:0.

“Neftçi”nin yarımfinalda rəqibi çempionatda güclü təsir bağışlamayan “Bakılı” oldu. Yeni rəhbərliyin gəlişindən sonra “ev” oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda komandamız gözlənilmədən məğlub oldu – 0:1. “Şəfa” stadionundakı cavab matçında isə futbolçularımız ilk oyundakı qolun əvəzini çıxmaq üçün hücum futboluna üstünlük verdilər. Amma oyunun böyük hissəsini müdafiədə keçirən rəqib bütün həmlələrin qarşısını uğurla alırdı. Belə vəziyyət 84-cü dəqiqəyədək davam etdi. Final fitinə 6 dəqiqə qalmış Zaur Tağızadənin sağ cinahdan ötürməsini Aqil Məmmədov qapıya göndərib iki oyunun nəticəsinə görə hesabı bərabərləşdirdi. Əlavə vaxtda hesab dəyişməyincə, qalib oyunsonrası penaltilərlə müəyyənləşdi. Ağır oyunun psixoloji yükündən qurtula bilməyən “Bakılı”nin gənc futbolçularından fərqli olaraq komandamızın üzvləri bütün zərbələri dəqiq yerinə yetirib finala yüksəldilər.

“Şəmkir”lə həlledici görüş də gərgin keçdi. Hər iki tərəf ilk növbədə səhvə yol verməməyə çalışır, aha çox qapının toxunulmazlığı haqda düşünürdülər. Tərəflərin bir neçə qol vəziyyəti yaratdığı anlarda isə qapıçılar səhvsiz oynadılar. Əsas vaxtda qapılara qol vurulmadı və ümidlər daha 30 dəqiqə uzandı. Əlavə vaxtın birinci hissəsinin son dəqiqəsində komandamız cərimə zərbəsi vurmaq hüququ qazandı. Mahmud Qurbanovun uzaqdan vurduğu zərbədən sonra müdafiəçilərə dəyən top hücuma qoşulmuş Samir Abasovun qarşısına düşdü və o, şansı əldən vermədi – 1:0. İkinci əlavə hissədə “Şəmkir” çox çalışsa da, “Neftçi”nin tarixində ikinci dəfə “qızıl dubl” etməsinə mane ola bilmədi.

Bununla da, flaqman 7 illik çempionluq həsrəti ilə yanaşı, 5 illik kubok həsrətinə də son qoydu, üstəlik, 9 ildən sonra “qızıl dubl”a qovuşdu.