“Neftçi Arena” ilə bağlı məlumat

14 avqust 2024, 13:08

“Neftçi” PFK-nın ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti olaraq təmirə bağlanır. Bir müddət öncə renovasiya işlərinə start verilmiş meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.

Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun-iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı.

“Neftçi Arena”nın ot örtüyünə xidmət göstərən “AgroSport” şirkətinin nümayəndəsi Fərman Əlizadə hazırkı durumla əlaqədar açıqlamasında bunları bildirib: “2023/2024 mövsümü başa çatan kimi – 2024-cü ilin mayın 26-da “AgroSport” şirkəti “Neftçi Arena”nın oyun meydanının yeni mövsümə hazırlığını təmin etmək üçün təxirəsalınmaz renovasiya işlərinin başlanmasına qərar verdi. Problemin sürətli şəkildə aradan qaldırılması məqsədilə əvvəlcə torpağın yüksək toksikliyə malik olan üst qatının çıxarılması, dərin qatın isə immunitetinin artırılması və möhkəmlənməsi üçün skarifikasiya (qaşıma) və aerasiya (havalandırma) işlərinə başladıq. Lakin, adətən iyulun sonları, avqustun əvvəllərində Bakıda müşahidə olunan yüksək istilik bu il iyunun ortalarından başlayaraq bütün iyul ayı boyunca özünü göstərdi. “Neftçi Arena”nın ot örtüyü isə sərbəst hava dövranına şərait yaradacaq açıq hava çıxışına malik olmadığına görə meydanın bərpası üçün ciddi çətinliklər yarandı. Bütün bunlara baxmayaraq, hazırda mümkün olan hər şeyi edirik və zəmanət veririk ki, 2024-cü ilin sentyabrın 20-nə qədər ot örtüyü yaxşı vəziyyətə çatdırılacaq. Təbii ki, bu müddətdə qazonun məşqlər və oyunlar kimi əlavə yüklənmələrdən qorunması məqsədəuyğun olardı”.

Mövcud vəziyyəti, komandamızın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” PFK rəhbərliyi “Neftçi Arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klubumuz tərəfindın Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyimiz ev oyununa kimi tamamlanması nəzərdə tutulub.

Bu səbəbdən tərəflərin razılığına əsasən, “Neftçi” PFK-nın ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev oyunlarımızın yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq.

“Neftçi” PFK mövcud vəziyyətlə bağlı təəssüfünü dilə gətirir və azarkeşlərimizi tezliklə yenidən doğma tribunalarımızda görməyi arzulayır.