“IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 1-ci qrupa yekun vuruldu

18 iyun 2022, 14:14

“Neftçi” PFK-nın və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən “IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 1-ci qrupa yekun vurulub.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat və hədiyyələri aprel döyüşləri iştirakçısı, Qarabağ qazisi Elşad Haşımov və “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədov təqdim ediblər. “IV Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrupa iyunun 20-də start veriləcək.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 104 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, onlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilir, kino saatları təşkil olunur. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.