“Neftçi-2” toplanışa qələbə ilə başladı

16 yanvar 2022, 15:12

“Neftçi-2” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Əvəzedicilərimiz Region Liqasında mübarizə aparan “Füzuli” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda “ağ-qaralar” 4:1 hesablı qələbə qazanıb. Komandamızın heyətində Asim Əlizadə dubla imza atıb. Digər qolları Samir Qurbanov və Ağadadaş Salyanski vurublar.

Qeyd edək ki, yanvarın 12-dən etibarən klubun inzibati binasının yerləşdiyi bazada toplanışda olan “Neftçi-2” ayın 22-dək bu məkanda, daha sonra isə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlığı davam etdirəcək. Baş məşqçi Mahmud Qurbanovun rəhbərlik etdiyi komanda daha 3 sınaq matçı keçirməyi planlaşdırır. Yanvarın 21-də “Turan Tovuz”, 26-da “Qarabağ-2”, fevralın 2-də isə U-18 milli komandası ilə yoxlama görüşü nəzərdə tutulub.