Samir Abasov: “Bəzi futbolçular belə oyunlar üçün təcrübə yığmalıdır”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Qarabağ” klubu ilə 3-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Start heyətdə 5 azərbaycanlı futbolçu olmalıdır. Bu, zərurətdir. Famil Camalovu bu səbəbdən startda meydana buraxdım. Digər tərəfdən, iki yerli hücumçudan birini oynatmalıydıq. Famil zəif oynadığı üçün fiziki olaraq formada olmayan Ramona sonradan şans verdik. Familə güvənimiz yenə də itməyib, o, bu cür oyunlarla yetişəcək. Təki futbolçularımız çox olsun və biz baş sındıraq ki, kimi oynadaq, amma bu gün hazır olanları meydana buraxdıq. İsmayıla niyə şans verməyək? O, necə böyüsün və inkişaf etsin? Həm də çempionatdakı limit məsələsi də nəzərə alınmalıdır. Rəqib azarkeşlərin məni istefaya səsləməsi dəhşət bir şeydir. Onlara meydanda verdiyim cavab ağır idi, onu burada mətbuata deyə bilmərəm. Əslində, onların belə etməsi mənim üçün yaxşıdır. 7 ildən sonra Samir gəldi, çempionluğu onların əllərindən aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır. Bu gün “Qarabağ”dan futbolçuların təcrübəsizliyinə görə geri qaldıq. Birinci hissəyə pis başlamadıq, demək olar, rəqibə şans vermirdik. Səhvdən sonra heç nədən qol buraxdıq ki, bundan sonra istər-istəməz oyun dəyişdi. İndi nəsə demək çətindir, amma bəzi futbolçular belə oyunlar üçün təcrübə yığmalıdır. Birinci və ikinci hissə tamamilə fərqli idi. Mert Çelik ikinci hissədə daha yaxşı oynadı, mənim birinci hissə bitəndən sonra ona yaxınlaşmağım futbolçuya təzyiq yaratmadı. Yusuf Lavalın üstündə çox durmuşduq, onun oyununun alınmamağı rəqiblə bağlı idi. Həmin bölgədə futbolçumuza rahatlıq vermədilər. “Makkabi” ilə səfər oyununu çıxsaq, hər matçda qol vururuq. Bəlkə bu gün bir az tələskənlik oldu deyə, yeni transferimiz Maçado qol vura bilmədi, amma oyuna pis daxil olmadı. Gənc futbolçuların baxışda olması klubun siyasətidir və mənim buna etirazm yoxdur. Kane təcrübəsi çox yaxşı olduğuna görə bu yolla gedirik. Klub rəhbərliyi ilə danışıb limit məsələsinin qabardılmasını xahiş edəcəm. Düşünürəm ki, həm 21 yaş, həm də yerli limiti götürülsə, Azərbaycan futbolu üçün daha yaxşı olar. Kim güclüdürsə, o da oynamalıdır”.