“Ard-arda oyunlardan sonra yorğun vəziyyətdə bundan artığını gözləmirdik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının “Qəbələ” klubu ilə 1-ci tur oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Çempionatın açılış oyunu idi. Açığı, ard-arda oyunlardan sonra yorğun vəziyyətdə bundan artığını gözləmirdik. Əsas odur, heç kim zədələnməsin ki, 4 gün sonra vacib matça çıxacağıq. Uşaqlar qələbə üçün əllərindən gələni etdilər. Qalib gəlmədik, deməli, nələrsə çatmadı, amma əzmkarlıq, istək var idi, əziyyət çəkdilər. Bəzilərinə həddindən artıq yük düşür və təəssüf ki, bunun qarşısını ala bilmirik. Yaranmış vəziyyətlə bağlı bir az nikbinliyimizi də itirmişik. Konfrans Liqasında İsrailin “Makkabi” klubuna qarşı yaxşı oynamaq niyyətindəyik. Sonra milliyə görə fasilə yaranacaq ki, bu da bizim üçün faydalı ola bilər, futbolçular dincələ bilərlər. Ümumilikdə, sağ olsunlar, bu gün əllərindən gələni etdilər”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Makkabi” ilə oyunun necə olacağını heç kim bilmir. Meydandakı bəzi səhvləri yorğunluqla da əlaqələndirmək olar. Heç kim inciməsin, “Makkabi” HİK və “Qəbələ” deyil. Əlbəttə, bu səhvlər olmamalıdır, amma futbolda belə hallar baş verir. Çalışacağıq ki, olmasın. Daim eyni futbolçularla müdafiə olunanda səhvlər də qaçılmazdır. Harramiz gələndən, yəni qısa müddətdə müxtəlif mövqelərdə oynayıb. Bizə gec qoşulub və ona müxtəlif tapşırıqlar verilib. Futbolçu üçün də çətindir. İnanırıq ki, uyğunlaşma prosesini tez keçəcək. Bizim sistem elədir ki, Harramizdən hücumda daha effektli olmasını istəyirik, nəinki müdafiədə. Fəhmini hücumameylli oynadırıq və o, bunun öhdəsindən pis gəlmədi. Bu gün Emin Mahmudov yorğun vəziyyətdə oynadı. Sabir Buqrinin hərarəti var idi, vəziyyəti çox pis idi deyə, ümumiyyətlə meydana çıxmadı. Namik Ələskərova gəlincə, əsas heyətdə yer alan futbolçunun bu durumda getməyi bizə böyük zərbə oldu. İstər Namik Ələskərov olsun, istər Samir Abasov, “Neftçi” klubu heç kimi itirmir, buradan gedənlər “Neftçi”ni itirir. Bu gediş aylarla davam edən proses idi. Oyunçu qərar verdi və getdi. HİK-lə səfər matçından əvvəl yaxınlaşdı və dedi ki, getmək istəyirəm, biz də dedik ki, qərar vermisənsə, çıx get”.