Samir Abasov: “İnanırıq ki, onların canfəşanlığını doğrulda biləcəyik”
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bildirib:
“İlk oyundan sonra artıq rəqibin nəyə qadir olduğunu tam öyrəndik. Hansı gücdə rəqib olduğunu matçdan əvvəl də bilirdik. Sabahkı oyuna hazırıq. Düşünürəm ki, bizi gərgin və maraqlı mübarizə gözləyir. Bizi istəyənlər, azarkeşlər tərəfindən ajiotaj var. İnanırıq ki, onların canfəşanlığını doğrulda biləcəyik. Komandamız oyundan-oyuna artıracaq və daha yaxşı səviyyəyə gələcək. Buna potensialımız var. Bəzi üzücü məqamlar var. İtkilərimiz var, amma bu haqda danışmaq istəmirəm. Sabahı gözləyirik. Bizi çox maraqlı oyun gözləyir”.
Sonra Sabir Buqrin danışıb: “İlk oyundan sonra özümüzə inam daha da çoxalıb. Məğlubiyyətə layiq deyildik. Daha yaxşı nəticə ilə qayıda bilərdik. Sabah əlimizdən gələnin ən yaxşısını göstərəcəyik”.
Daha sonra futbolçu jurnalistlərin suallarını cavablandırıb: “İlk oyunda “Olimpiakos”un zəif çıxışının səbəbi biz ola bilərik. Yəni onlar zəif deyildilər. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar. Doğrudur, ilk oyunda ayağımda ağrı var idi, amma bu matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam”.
Sonda Samir Abasov KİV nümayəndələrinin suallarına cavab verib: “Hər an hər şey dəyişə bilər. Bu gün taktiki gedişdən danışmaq istəmirəm. Bəzi oyunçulardan üzücü xəbərlər ala bilərik. Sabah kimlərin oynayıb-oynamayacağı ilə bağlı bu gün dəqiq bir cavab yoxdur. Biz də bəzi futbolçuların durumunun necə olacağını gözləyirik. Azarkeşlər çox aktivdirlər. Sosial şəbəkələrdə verdikləri dəstəkləri bizim üçün çox önəmlidir. Sabah oyun zamanı da bunun davamının gələcəyinə inanırıq. Onların bu dəstəyi futbolçuları istədiyimiz duruma gətirməkdə bizə kömək edir. “Dinamo” ilə oyundan sonra ot örtüyünün durumu barədə məsul şəxslərlə danışdıq, səbəbini izah etdilər. Bəzi məqam var ki, meydança istirahət etməlidir. Biz burada məşq edirik, bundan irəli gələ bilər. Üstəlik, isti hava şəraitində meydançaya baxmaq da çətindir. İnanıram ki, bundan sonra meydançanın durumu bizim istədiyimiz kimi olacaq. Düzdür, sabahkı oyun tam başqa formatda keçəcək. Amma inanıram ki, hər şey yaxşı olacaq”.