Samir Abasov: “İnanaq ki, mərhələni keçən tərəf biz olarıq”

22 iyul 2021, 02:00

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Olimpiakos” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Qarşıda hələ ikinci oyunumuz var. Yaxşı hazırlaşıb, Bakıdakı görüşə tam motivasiya ilə çıxacağıq. Azarkeşlərdən xahişim var: biz bu oyuna necə hazırlaşacağıqsa, sizin dəstəyinizə ehtiyacımız var, siz bizə çox kömək ola bilərsiniz. Matçdan əvvəl də ümidimizi itirməmişdik. Rəqibi keçmək ümidilə cavab qarşılaşmasını səbirsizliklə gözləyirəm. Bugünkü oyundan sonra inam daha da artdı. Komandamız tapşırıqların öhdəsindən layiqincə gəldi. Bir oyun yetərli deyil. Futbolçularımız həddən artıq gərgin təzyiqin altından çıxdılar. Futbolçular rəqibin adından çəkinə bilərdilər, amma belə olmadı. Hərtərəfli yaxşı hazırlaşmışdıq. Məncə, pis alınmadı”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Düşünmürəm ki, emosional görünməyim komandaya zərər yetirə bilər, əksinə, xeyir verə bilər. Tanıdığınız Samirəm, bundan sonra dəyişəcək bir şey yoxdur. Gərginlik deyildi, emosiyalar idi. Enerjini futbolçulara ötürmək özü də bir işdir. Azarkeşlərlə və həmkarımla dialoqlar oldu. Onları yerlərinə otuzdurmağa çalışırdım. Məncə, bunu bacardıq. Rəqib futbolçuların tez-tez yıxılmaları məni əsəbiləşdirirdi. Namik Ələskərovun zədələnməsinə gəlincə, çox üzücü xəbərlər var. Burun və kəllə nahiyəsindən sümük sınıqları var. Onu nə qədər müddətə itirdiyimizi bizə həkimlər deyəcəklər. Bununla belə, üzülmədən, bəlkə də elə cavab görüşünü Namikə görə daha motivasiyalı oynayacağıq. Məncə, Mertin qırmızı vərəqə alması oyuna balans verdi. Ona qədər tam üstünlük bizdə idi. Rəqib çox qapandı, müdafiəni yarmaqda problem yaşadıq. Məncə, 11-11-ə oynayanda daha çox şansımız olurdu, boşluqlardan yaxşı istifadə edirdik. Rəqibin qırmızı vərəqə alması futbolçularımızı daha da həvəsləndirdi. Amma təəssüf ki, Mertin qırmızı almasından sonra daha çox yorulmağa başladıq, hücumlara həmin gücdə çıxa bilmədik. Bu baxımdan düşünürəm ki, həmin an qırılma nöqtəsi oldu. Mert cavan futbolçudur, ona dəstək olmaq lazımdır. Mən də futbolçu vaxtı qırmızı vərəqə almışam. Bəlkə rəqibi yıxmasaydı, əks-hücumumuz qolla da nəticələnə bilərdi. Önəmli olan əlimizdə olan materialla nəsə etməkdir. Reallıqdan kənara çıxa bilmərik. “Olimpiakos” hər matçda sənə müxtəlif tempdə oyun təqdim edə bilər. Bu o demək deyil ki, Bakıdakı görüşdə də bu cür oynayacaqlar. Bu gün motivasiyanın, xarakterin hesabına onları bəzi epizodlarda üstələdik. Bakıdakı görüşdə rəqibdən də çox şey asılı olacaq. Meydana tam başqa sistemdə, motivasiyada çıxa bilərlər. Uşaqlar buna hazır olmalıdırlar. Emini düz qeyd etdiniz, amma Buqrinin ayağında matçdan əvvəl də problem var idi. Hətta oyunun gedişində də dəyişmək istədim, çıxmadı, ağrılarla oynadı. Bəli, yorğunluq var idi. Bizdən asılı olmayan bəzi amillər yaxşı təlim-məşq toplanışı keçməyimizə mane oldu. Müxtəlif millinin üzvləri və bəzi digər futbolçular düşərgəyə gec qoşuldular. Bəzi oyunçular 2 həftə hazırlıq keçə bildilər, amma bu cür matça hazır olmaq üçün ən azı 4-6 həftə toplanış keçməlisən. Meydanda say bərabərləşəndən sonra rəqib də hücuma çıxmağa başladı. Üstəlik, əvəzləmələr də etdilər. Biz isə eyni oyunçularla həm müdafiədə, həm də hücumda oynamaqda çətinlik çəkdik. Düşünürəm ki, Bakıda bu problemi aradan qaldırmaq olar. Cavab matçında rəqib qapısına zərbələrin qolla nəticələnəcəyinə inanıram, ümid edirəm. Dua edəcəyik ki, hər vurduğumuz zərbə qol olsun. Təbii ki, futbolda hər zərbə qol olacaq deyə bir şey yoxdur. Bu cür komandaya qarşı oyunda qapıya bu qədər zərbə endirmək, ilk hissədə 100 faizlik 2-3 qol epizodu yaratmaq yaxşı haldır. Əminəm ki, oyundan oyuna artıracağıq. Yavaş-yavaş daha yaxşı olacağıq. Təəssüf ki, futbolçu azlığı öz təsirini göstərir, lazım olanda oyunu gücləndirə bilmirik. İnanıram ki, bunu da aradan qaldıracağıq. Ümid edək və inanaq ki, mərhələni keçən tərəf biz olarıq”.