Samir Abasov: “Bütün bacarığımızı ortaya qoyacağıq”
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbodjun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bildirib:
“Artıq meydana girəndə klubun böyüklüyü, əzəməti görünürdü. Sabah hansı komandaya qarşı oynayacağımız meydana ilk addımı atandan bəlli olur. Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm, sadəcə, onu deyim ki, “Olimpiakos” bu cür turnirlərə alışıb. Keçən il Avropada göstərdiyi oyun bu klubun məqsədinin, böyüklüyünün göstəricisidir. Bizi təcrübəli, heyətində çox keyfiyyətli futbolçular olan komandaya qarşı çətin oyun gözləyir. Bununla belə, çox rahatıq. İlk mərhələdən fərqli olaraq, həm fiziki cəhətdən, həm də oyun baxımından özümüzə gəlməyə başlamışıq. Bu cür oyunlar formaya tez düşməyimizə kömək edir. “Neftçi” olaraq uzun müddət Çempionlar Liqasından uzaq qaldığımızı nəzərə alsaq, sabah hər bir halda yaxşı təcrübə toplayacağıq. Bundan sonrakı rəqiblərimizin də aşağı-yuxarı eyni gücdə olması bizim üçün yetərincə təcrübə olacaq. Bu bizə qarşıdakı matçlarda kömək ola bilər. Sabahkı oyun üçün psixoloji vəziyyətimiz də kifayət qədər yerində olmalıdır ki, rəqibə qarşılıq verə bilək. İnanıram ki, hər şey yaxşı olacaq”.
Sonra Mamadu Mbodj danışıb: “Bura nə üçün gəldiyimizi bilirik. Bu matça çox yaxşı hazırlaşmışıq. İnşallah, sabah gözəl oyun nümayiş etdirəcəyik”.
Daha sonra seneqallı futbolçu jurnalistlərin suallarını cavablandırıb: “Futbolda bu cür hallar baş verə bilər. Ümid edirəm ki, sabah öyrəşdiyiniz Mbodjdan daha güclü Mbodj görəcəksiniz. İnanıram ki, sabah yenə Babakarın şəklini görəcəksiniz. Həm Bask, həm də Basto çox yaxşı transferlərdir, güclü futbolçulardır. İnanıram ki, məqsədimizə çatmaq üçün onlar gücümüzə güc qatacaqlar”.
Samir Abasovun KİV nümayəndələrinin suallarına cavabı isə belə olub: “Bu cür rəqiblərlə ilboyu bir dəfə qarşılaşırıq, çempionatımız isə tamam fərqlidir. Sabah rəqibin oyunundan da çox şey asılı olacaq. Ən birinci psixoloji hazır olmalıyıq. Daha çox qaçmalıyıq. Cavab matçına kimi transfer gözlənilmir. Yeni transferlərdən Huqo ilə müqayisədə, Romen daha hazırlıqlıdır. Çünki əvvəlki komandası ilə mütəmadi olaraq məşq edib, toplanış keçib. Bura gəlməzdən əvvəl 5-7 gün məşqsiz qalıb. Məşqlərdə göstərdikləri ürəkaçandır. Huqo isə daha çox fərdi məşq edib ki, bu da komanda halında məşqlərdə sezilir. Bakıya sərfəli nəticə ilə dönəcəyimiz realdır. Buna inanırıq. Rəqibin oyunlarına baxmışıq. Çempionat bitəndən sonra yaxşı komandalara qarşı 5-6 sınaq matçı keçiriblər. Əl-qolumuzu sallamayacağıq. Ümid edirəm ki, cavab oyununa daha şanslı qayıdacağıq. Yeni transferlərə ehtiyacımız var. Xüsusilə hücum xəttində güclənməliyik. Futbolçu azlığı baxımından da əziyyət çəkirik. Tranfer işlərimiz davam edir. Hücumçu və bəzi mövqelərə də futbolçu axtarışındayıq. Yaxın zamanda 1-2 oyunçunu transfer eləməyi düşünürük. İlk mərhələni keçmək üçün həyacan var idi. İndi isə həmin mərhələni keçdiyimiz üçün rahatıq. Gərgin olmağa bir səbəb yoxdur. Bütün bacarığımızı ortaya qoyacağıq. Ən azı rəqibə problem yaşatmağa çalışacağıq. Heç kimdən məsləhət almamışam, rəqibi köməkçilərimlə təhlil etmişik. Onların köməyi kifayət qədərdir. Hər birimiz bacardığımızı edirik”.