Samir Abasov: “Sabah hesaba yox, oyunumuza güvənəcəyik”
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb:
“Sabah bizim üçün çox önəmli və xoş gündür. Xoş gün olmasının səbəbi azarkeşlərimizin tribunada olmasına icazə verilməsidir. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm. İstər İdman Nazirliyi, istər TƏBİB, istər klubumuz, istər AFFA – azarkeşlərimiz və futbolçularımız adından hamısına “çox sağ ol” demək istəyirəm. Bu bizim xeyrimizə atılmış çox möhtəşəm addımdır. Sabahkı matçın gərginliyi artıq hiss olunmağa başlayıb. İndidən hansı ajiotajda oynayacağımızı görürük. Hansı komandaya qarşı mübarizə aparacağımızı bilirik. Gürcüstan çempionatının yarısı geridə qaldığına və rəqib komanda tam hazır olduğuna görə bizə əziyyət yaratdı. Səfərdə nəticə ilə oyunumuz üst-üstə düşmədi, çalışacağıq sabah bunu düzəldək. Artıq səfər qolu da ləğv olunub. Buna görə də biz sabah hesaba yox, oyunumuza güvənib nələrsə göstərməyə çalışacağıq. Alınacaqsa, nə xoş bizə”.
Sonra Emin Mahmudov danışıb: “Baş məşqçinin dediyi kimi, bizi çətin oyun gözləyir. Gürcüstan çempionatı davam etdiyi üçün hazırda rəqib daha yaxşı formadadır. Amma biz çalışacağıq ilk matçla müqayisədə daha yaxşı oyun göstərək, topa daha çox nəzarət edək. Lazım olan nəticəni qazanmaq üçün maksimum əlimizdən gələni etməyə çalışacağıq”.
Daha sonra kapitan jurnalistlərin suallarını cavablandırıb: “Penaltilər üzərində həmişə çalışıram. Məncə, pis alınmır. Rəqibin zəif və güclü tərəfləri haqda baş məşqçi bizə məlumat verir. İlk oyundakı səhvləri bu dəfə düzəldəcəyik. Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm. Artıq oyunsonrası penaltilərə çox müraciət olunacaq”.
Sonda Samir Abasov KİV nümayəndələrinin suallarına cavab verib: “Ümumiyyətlə, hər bir futbolçunun gedişi komandaya təsir edir. Uzun müddət birlikdə çalışdığın əsas heyət üzvü gedirsə, təbii ki, bunun təsiri olacaq. Ən azı onun yeri doldurulmalıdır və adaptasiya dövrü keçilməlidir. İlk matçda bəzi mövqelər oyundan qopdular ki, bu da təsirsiz ötüşmədi. Cinah müdafiəçilərimiz komandaya yetərincə kömək edə bilmədilər. Buna rəğmən səfərdən qalib ayrıldıq ki, bu da bizə stimul verir. Nəticəni kənara qoysaq, oyun bizi razı salmadı. Buna görə də qələbənin ləzzətini tam ala bilmədik. Sabahkı matç haqda indidən nəsə demək çətindir, amma oyunumuzu dəyişməliyik. Transferlərə, çox oyunçuya ehtiyacımız var. Əvvəlcədən gözlədiyimizdən əlavə, daha bir-iki mövqedə güclənməliyik. Çətindir, amma istədiyimiz oyunçunu almaq gücündə olmalıyıq. Hazırkı “Neftçi” çox yaxşı vəziyyətdə deyil. Bu vəziyyət avrokuboklarda qrup mərhələsinə düşmək üçün yetərli olmaya bilər. Hansı gücdə olacağımız bilavasitə transferlərlə bağlıdır”.