Samir Abasov: “Ümid edirəm ki, mərhələni keçən biz olarıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tbilisi) klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Desək ki, cütün taleyi həll olunub, yalan olar. Hələ cavab matçı var. Dünən də demişdim, oyunun gərgin keçəcəyini bilirdik. “Dinamo” ölkə çempionatında çemionluğa oynayan komandadır, hər görüşləri gərgin keçir, biz isə cəmi 3 yoxlama matçı keçirmişik. Yoldaşlıq görüşləri ilə bu cür rəsmi oyunların fərqini bilirsiniz, bu gün də gördük. Xarakter hesabına buradan yaxşı nəticə ilə getmək olardı ki, buna görə də futbolçulara təşəkkür edirəm. Axıra kimi mübarizə apardılar. Bu cür komandaya qarşı səfər oyununda keyfiyyətə arxalanmayıb, xarakteri ortaya qoymalısan. Bunu bacardıq, amma yenə deyirəm, cavab matçı var. O oyuna ciddi hazırlaşmalıyıq. Ciddi rəqibə rast gəlmişik, amma ümid edirəm ki, Bakıda başqa cür oynayıb, mərhələni keçən biz olarıq. Təzə gələn futbolçular yetərincə adaptasiya keçməyiblər, bunun üçün bir az zaman lazımdır. İnanırıq ki, hər şey yaxşı olacaq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Bakıda çox şeyi dəyişməliyik. Bu gün göstərdiyimiz oyun Bakıda keçərli deyil. Yəni belə oynamalı deyilik. Bunu ilk matçın gərginliyi və bəzi futbolçuların bu cür mötəbər turnirlərdə oynamaması ilə əlaqələndirək. Cavab matçında topa daha çox nəzarət etməliyik. Bəzi epizodlarda rahat oynamalıyıq. Meza Kolli bu gün ən yaxşı verəcəyini verdi. Bəzi epizodlarda əvvəlki Meza Kolli idi, amma komandaya gec qoşulub, adaptasiya olmalıdır. Onun nə dərəcədə keyfiyyətli olduğunu bilirsiniz. Fasilədə bəzi futbolçulara daha diqqətli oynamağı tapşırdım. İlk hissədə beşli müdafiədə yox, daha irəlidə oynayanlarda bir az xaos var idi, yerlərini düz bağlamırdılar, gecikirdilər. Ona görə rəqibə çox epizod verdik. İkinci hissədə daha yaxşı oynadıq. Çox şeyi dəyişməliyik, amma bu günün söhbəti deyil. Elə mövqelər var ki, orada güclənməliyik. Orada heç rəqabət yoxdur. Məsələn, müdafiədə. Stankoviç oyunun sonlarında ayağını tutanda, biz başımızı tutduq. Hücumda da güclənməliyik. İşlər gedir. Gecikirik, amma inanıram ki, tezliklə bunun öhdəsindən gələcəyik. Namikin performansı bizi çox sevindirir. Keçən ildən davam edən yüksəlişdir. İnşallah, belə davam etsin. Hər dəfə qol vurduqca, inamı daha da artır. Bütün futbolçular üzərinə düşən yükün öhdəsindən gəlməyə çalışırlar. “Dinamo”nun 5-6 oyununa canlı, bir matçına bir neçə dəfə baxmışıq. Kimin nəyə qadir olduğunu bilirdik. Rəqib meydana oyunçu buraxanda üzülürdk ki, hücuma daha çox güclə atılır. Biz əks cavab olaraq daha çox qol vura bilərdik, amma sürətdə uduzduq. Bu da dəyişikliklərlə bağlıdır. Konkret olaraq transferlərlə bağlıdır ki, klubumuzla sıx çalışırıq. Detalları şişirtməyək, yeni futbolçular gətirmək istəyirik. Hətta ad da verə bilərəm ki, kimlərlə danışıqlar aparmışıq, amma imtina ediblər. Gəlin bu gün o söhbətləri etməyək, bəlkə çox şey açılacaq, onu vətəndə danışarıq. Ola bilər, sözlərimdən mənim həyəcanlı olduğumu hiss etmisiniz. İndi bu həyəcan məndə ikiqat artıb. Düşünürəm ki, çempion olduğumuz heyət də qalsaydı, yenə eyni əziyyəti çəkəcəkdik. Çünki “Dinamo” güclü rəqibdir. Məncə, oyun eyni məcrada keçəcəkdi”.