Samir Abasov: “Bu nəticə bizi razı salır, azarkeşlərimizi sevindirir”

17 aprel 2021, 11:45

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın 23-cü turunun “Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib: “Futbolçularımızı təbrik edirəm. Qələbə qazandıq və yolumuza davam edirik”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Zirə” doğrudan da yaxşı komandadır. Baş məşqçisi qısa müddətdə böyük işlər görüb. Bizi onunla görüş ərəfəsində çox fikirləşməyə vadar edir. Bu gün istənilən hesab ola bilərdi. 4:0 hesabı “Zirə”nin gücünü göstərmir. Əsas odur ki, arxayınlaşmayaq, futbolçuları bu tempdə saxlayaq. Bu nəticə bizi razı salır, azarkeşlərimizi sevindirir. Əslində, “Zirə” ilə əvvəlki 3 oyunu da pis oynamamışdıq, amma təəssüf ki, qol epizodları yarada bilməmişdik. Bu gün isə daha səbrli, ehtiyatlı çıxış etdik. Matçın açar hissəsi də bu oldu. “Qəbələ”yə bundan da çox qol vura bilərdik, sadəcə, orada həddən artıq tələsirdik. Məşqlərdə etdiyin meydanda alınanda bundan zövq alırsan. Bu gün sanki meydanda bir mexanizm işləyirdi ki, o da bəhrəsini verdi”.