İtaliyanın Azərbaycandakı səfirliyində görüş olub
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Errea” şirkətinin ixrac sahəsi üzrə meneceri Karlo Stronati tərəflər arasında müqavilənin imzalanma mərasimindən sonra İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüblər. Görüş zamanı cənab səfir “Neftçi” ilə İtaliya şirkəti arasında əməkdaşlığın bu iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi baxımından böyük töhfə verəcəyini bildirib. İtaliya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə İtaliyada tanınması baxımından böyük önəm daşıdığını vurğulayıb.
Daha sonra gələcəkdə hər iki şirkətin birlikdə Azərbaycanda müxtəlif korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin “Neftçi”nin Futbol Akademiyası komandalarının gələcəkdə səfirliyin və “Errea” şirkətinin dəstəyilə İtaliyada təşkil olunan turnirlərdəki iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.