Samir Abasov: “Komandadan razıyam”

23 oktyabr 2021, 23:00

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Zirə” klubu ilə 8-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Ömər Buludovun zədələnməsindən sonra İsmayıl Zülfüqarlını məcburiyyətdən meydana buraxdıq. Mirabdulla ilə Ramonu isə hücumu gücləndirib qalib gəlmək üçün döyüşə atdıq. Sevindirici haldır ki, öz yetirmələrimiz – İsmayıl və Mirabdulla biri ötürmə verib, o biri qol vurmaqla bizə 3 xal qazandırdı. Pis oynamadıq. Yaxşı sürət, ritm var idi. Ümumilikdə, sürəti çox bəyəndik. Komandam qol vuranda həddindən artıq emosional oluram. Sona yaxın bunu etməyimiz məni daha da sevindirdi. Bəzən matçın gedişində belə epizodlar olur, emosionallıq aqressiyaya çevrilir. Emin Mahmudov həm bizim, həm milli üçün dəyərli futbolçudur. Üst-üstə oyunlardan sonra bir az formadan düşüb, amma çalışırıq ki, onu tez bərpa edək. Onun oyunu alınanda bizim də işimiz yaxşı gedir. Kapitandır, yerli futbolçudur, onu itirmək istəmirik. Adımın milli ilə hallanmasına rast gəlməmişəm. İndi nəsə demək heç düzgün olmaz. Çünki hazırda yığmanın baş məşqçisi var. Təklif gələrsə, yalnız ondan sonra düşünüb nəsə deyə bilərəm. Kane ilə bağlı məsələyə gəlincə, bunun qısa zamanda həllini tapmasını mən də istəyirəm. Ona nə qədər bel bağlayacağımızı bilmək istəyirəm. Ola bilər ki, qışda getsin. Limit məsələsi bizə mane olur. Rotasiyaların səbəbi də budur. “Olimpiakos”la sıx təmasdayıq. Onlar da konkret söz deyə bilmirlər. Tezliklə bütün suallara aydınlıq gələcək. Mbodj uzun müddət meydana çıxmamasına rəğmən bu gün yaxşı təsir bağışladı. Ümumiyyətlə, komandadan razıyam. Korrea isə təəssüf ki, “Qəbələ” ilə yoxlama oyununda zədələndi. Ümumi vəziyyəti pis deyil, artıq fərdi məşqlərə başlayıb. Limit səbəbindən yerli futbolçular önə çıxır və heyəti onlara görə qururuq. Kimin hazır olduğunu məşqdə biz görürük. Çox istərdim ki, həm Bask, həm də Kane oynasın, amma limitə görə bu mümkün olmur. Bundan əlavə, heyət quranda rəqib amilini də nıəzərə alırıq”.