Samir Abasov: “Sistemə, oyun üslubuna uyğunlaşanacan vaxt lazımdır”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Sabah” klubu ilə 5-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Oyun yorucu keçdi. Maraqlı olmadı. Bilmirəm, bu rahatlıq bizdə haradan idi. Son 15 dəqiqəni çıxmaqla, oyun xoşuma gəlmədi. Rəqib sonda şansını qaçırmasaydı, heç-heçə də ola bilərdi. Belə arxayınlıqda hər cür nəticə ola bilər. Ümumiyyətlə, darıxdırıcı oyun oldu. Bununla belə, futbolçuları təbrik edirəm, buradan 3 xalla dönürük. Xoş haldır ki, qələbə ilə qayıdırıq. Oyunun alınmamasını, hətta hesabda geri düşməyi, uduzmağı gözə almışıq. Çünki yeni və gənc futbolçularımız çoxdur. Sistemə, oyun üslubuna uyğunlaşanacan vaxt lazımdır. Səhv edə-edə düzələcəyik. Bu gün lazımsız ötürmələri həddindən çox edirdik. Bunları aradan qaldırmaq üçün bizə vaxt lazımdır. Əsas odur ki, bütün futbolçularımız sağlamdır. Fiziki cəhətdən hazır olmayanları bu cür oyunlarla formaya salmağa çalışırıq. Ümid edirik ki, axırda hər şey yaxşı olacaq”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Voislav Stankoviçlə Mamadu Kane bir-birilərinə çox yaxındırlar. Məşqlərdə də birgə çalışırlar. Bilmirəm ki, Kane gedəndən sonra Stankoviç nə edəcək. Paltardəyişmə otağında hər şey yaxşıdırsa, qalanı boş şeydir. Yeni transferlər hələ ki 90 dəqiqə oynayası gücdə deyillər. Son dəqiqələrdə rəqib təzyiq edəndə, yeni oyuna girən Tiaqonun fiziki durumu ortaya çıxdı. Oyun və məşqlərlə bunları tez aradan qaldıracağıq. Stankoviçin milliləşdirilməsi gündəmdə deyil. Hətta Filip Ozobiç milliləşdiriləndə Stankoviç deyirdi ki, məni niyə milliləşdirmirlər. Amma bu bizdən asılı deyil. Bəli, çempionat davam edə-edə limiti aradan götürmək mümkündür. Hərənin bir fikri var. Düşünürəm ki, güclü futbolçu oynamalıdır. Şəxsi fikrimdir ki, limit aradan götürülsün. Çünki 5 azərbaycanlı oynadıramsa, gərək 5-ni də ehtiyatda saxlayım. Hansı ki, limit olmasa, həmin futbolçular ehtiyatda qalmaz, bəlkə də digər komandaların əsas heyətində meydana çıxar. Emin Mahmudov Elvin Camalovla mübarizədə zədə aldı, vəziyyəti 1-2 gün sonra dəqiq bilinəcək. Meza Kolli etiraz etmirdi, sadəcə, öz baxışını izah etməyə çalışırdı, amma biz dedik ki, ora düşməlisən, vəssalam”.