“Bakıda bu komandaya 3 qol vurmağı bacardıqsa, burada da edə bilərik”
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-sı Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” – “Neftçi” oyunundan əvvəl komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bölüşüb:
“Belə oyuna bu qədər itki ilə gəlmək yaxşı hal deyil. Bilirsiniz, əsas heyətin 3 üzvü iştirak etməyəcək. Rəqib samballı və keyfiyyətli futbolçulardan təşkil olunub. Konfrans Liqasından üst səviyyədə oynamalı olan kollektivlə qarşılaşacağıq. “Makkabi” 3-4 gün əvvəl İsrail Kubokunda çıxış edib. Həmin matça baxandan sonra bir daha şahid olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu bizə problem yaşada bilər. Ancaq biz bura maksimal müqavimət göstərməyə gəlmişik. Son şansımızdır. Bakıda bu komandaya 3 qol vurmağı bacardıqsa, burada da edə bilərik”.
Sonra Harramiz danışıb: “İlk matçda olduğu kimi, bizi yenə çətin oyun gözləyir. Baş məşqçimiz vurğuladığı kimi, evdə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Bura məğlub olmağa gəlməmişik. Çalışacağıq, məşqçinin verdiyi tapşırıqları yerinə yetirib, Bakıya qələbə ilə qayıdaq”.
Daha sonra futbolçu KİV nümayəndələrinin suallarına cavab verib: “Əvvəlki komandalarımda müxtəlif oyun sxemlərində, əsasən hücumun cinahlarında və hücumçu mövqeyində çıxış etmişəm. Burada isə fərqli sxemlə oynayırıq, amma çalışıram ki, məşqçinin tapşırıqlarını yerinə yetirib, komandaya faydalı olum. Harada oynasam, orada özümü rahat hiss etməyə çalışacağam”.
Samir Abasovun jurnalistlərin suallarına cavabı isə belə olub: “Biz Nikita Rukavitsa ilə müqavilə baglamamışıq, amma həm onunla, həm də daha bir neçə hücumçu ilə danışıq aparırıq. Nikitanın üzünü görməmişik, amma onunla və agenti ilə danışırıq. Hansının alınacağına çox güman ki, bir həftəyə aydınlıq gələcək. İlk matçın birinci hissəsində istədiyimiz kimi oynaya bilmədik, amma fasilədən sonra oyunumuzu qura bildik, əks hücumlara çıxıb 3 qol vurduq. Təəssüf ki, sabah Yusuf Laval olmayacaq. Bizi doğrudan da çətin oyun gözləyir. Bu rəqibə ciddi müqavimət göstərib, vətənə müsbət nəticə ilə dönmək istəyirik. Çox diqqətli olmalıyıq, çalışacağıq, qol buraxmayaq. Bildiyimiz hücumların qarşısını ala bilsək, yaxşı nəticə ilə qayıda bilərik. Bəli, start heyətini muəyyənləsdirmişik, amma açıqlamayacağam. Hamı hazırdır. Buraxılan qollardakı səhvləri təkcə mudafiəçilərlə bağlamayaq, bunlar ümumi komandanın səhvləridir. Bəlkə də səhvlərə ardıcıl ağır oyunlar səbəb olub. “Zirə” ilə matçda bəzi gəncləri oynadıb, o birilərinə istirahət imkanı verdik. Düşünürəm ki, fiziki yorğunluğu həmin vaxt aradan qaldıra bildik. Gənc futbolçuların bu psixoloji yükün altından çıxa bilib-bilməyəcəklərini oyundan sonra görəcəyik. Futbolçular bu cür oyunlarla böyüyür. Əsas odur ki, biz onlara olan inamımızı, etibarımızı göstərək. İnşallah, bu da onlara kömək olar”.