Samir Abasov: “Hər şey cavab oyununa qalıb”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK klubu ilə ilk matçdan sonra mətbuat konfransında fikirlərini açıqlayıb: “Maraqlı oyun keçdi. Bugünkü hüç-heçə rəqibə cüzi üstünlük verə bilər. Səfər qolu üstünlüyü ləğv olunduğundan, artıq HİK bir topla öndə olmayacaq. Düşünürdük ki, böyükhesablı məğlubiyyət olmasa, xarakterimizi ortaya qoyub, ordan sərfəli nəticə ilə gəlməliyik. Qapıçımızın zədələnməsindən sonra meydanda ruh düşkünlüyünü aradan qaldırmaq istədik. Sağ olsun, Kamran bizi peşman etmədi, qapıda inamlı dayandı. Hər şey cavab oyununa qalıb. Fərqli rəqibə qarşı çıxış edəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Bəzi məqamları məşqə əsasən nəzərə alırıq. Futbolçuların fiziki durumu bu dəyişiklikləri etməyə əsas verir. Öz mövqeyinin oyunçuları hələ tam hazır deyildilər. Sistemin içində futbolçuları dəyişməli olduq. Kane çempionat matçlarında da müdafiənin sağ cinahında oynamışdı. Buna görə də Eminə çox yük düşdü. Xəyal bəzi epizodlarda mövqeni bağlamaqda çətinlik çəkdi. Emin çox qaçan oyunçudur. Bugünkü duruma görə hamısı çox iş gördü. Aqil Məmmədovda birinci dəfə deyil ki, belə hal olur. Onunla yanaşı, Mirabdulla Abbasovun da səhhətində problem var idi. Bəzi oyunçular 3 gün məşq edə bilmirlər. Belə dəyişikliklər edəndə çoxları üçün müəmmalı qalır. Aqil “Olimpiakos”la matçdan əvvəl hərarət içində idi. Həm onun, həm də Eminin vəziyyəti o qədər də ürəkaçan deyil. Bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi. Sonlara yaxın komandada yorğunluq yarandı. Rəqibin “5” nömrəli müdafiəçisi topla mükəmməl davranırdı, uzun ötürmələrlə bizə çətin anlar yaşada bilirdi. Bəzən rəqib də səni geri çəkilməyə məcbur edir. Qınaqlara baxıb heyət qurmağımız düz olmaz. Sosial şəbəkədəkiləri oturtsaq, hərəsi bir heyət deyəcək. Kimi meydana buraxmaq baş məşqçinin edə biləcəyi işdir. Xəyalı tanıyıram, onu çox istəyirik. “Neftçi” üçün böyük işlər görəcək. Sosial şəbəkədə məni də qınayanlar çoxdur. Bu, normal haldır. Cavab oyununu süni örtükdə oynamaq bizə çətin olacaq. Süni örtükdə məşq edib, oynayan komandalar orada özlərini daha yaxşı hiss edirlər. Çox uzağa getməyək, “Səbail”lə oyunlarda həmişə çətinlik çəkmişik. Çünki ora öyrəşiblər, orada tam fərqli oynayırlar. Mən özüm də futbolçu olanda süni örtükdə məşq etdiyimiz zaman orada oynamaq rahat olurdu. İki gün əvvəl gedib ora öyrəşməyə çalışacağıq. Həmişə təbii örtükdə məşq edən komandanın süni örtükdə məşq etməsi zədələrə yol aça bilər. Kaxaber Tsxadadzenin vaxtında da bunu yaşamışıq. Həmçinin bunun acı fəsadlarını çox görmüşük. Rəqib 24 futbolçu ilə bura gəlir. Bu da onlara hər cür rotasiya etmək imkanı verir. Biz isə əlimizdəki heyətdə sistemi dəyişə, oyunçuların yerini dəyişə bilərik. Bu üzdən bizi təhlil etmək çox asandır. Müdafiədə bəzi boşluqlar verdik. Öz oyunumuzu göstərdikdən sonra kimin bizi təhlil etməsi önəmli olmayacaq. Öz oyunumuzu tutmuşuqmu? Xeyr. Oyunumuzu artırdıqca kimlərin bizi analiz etməsi önəmli olmayacaq. Namik Ələskərov Türkiyəyə gedib. Üzünə qoyulacaq maska orada yoxlanılacaq. Ardından bura gələrək məşqlərə qoşulacaq. Sezar Meza Kolli və Mamadu Mbodj oynamağa layiq futbolçulardır. Transferlə bağlı işlər gedir. Gec olsa da, axtarışdayıq. 3-4 danışdığımız hücumçu olub. Adamlar bura gəlmək, masa arxasına oturmaq istəmirlər. Bu, bizim klubdan qaynaqlanmır, ümumi durumla bağlıdır. Geniş siyahıda oyunçu göstərilir. Səhərə qədər baxırıq, birinin üzərində dururuq. Bir həftə, 15 gün yalvarırsan, proses davam edir, menecerlərlə danışırsan. Fikirləşirik ki, bir neçə günə buradadırlar. Hətta bəzi oyunçularla özüm şəxsən danışmışam. “Gəlirəm” deyirlər, axırda gəlib çıxmırlar. Əlimizdə olan imkanlara görə addımlamaq məcburiyyətindəyik. Transferlər yüz faiz olacaq. Oyunçu çatışmayan mövqelərimiz var. Matçdan sonra Mbodj və Kane ilə danışmağıma gəlincə, uşaqlar məyus idilər. Kane deyirdi ki, azarkeşlər qarşısında udmalı idik. Mbodj da fransızcadan tərcümə edirdi. Biz də ona motivasiya verməyə çalışırdıq. Bəli, Harramizin oyunundan razı qaldım. “Dişsiz” qalmaqla bağlı problemi də həll edəcəyik.