Samir Abasov: “Məğlubiyyətdən sonra nəsə demək çətindir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Olimpiakos” klubu ilə cavab matçı sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:
“Məğlubiyyətdən sonra nəsə demək çətindir. Təəssüf ki, yaxşı oynamağımıza baxmayaraq, turnirdən kənarda qaldıq. Yaxşı təcrübə oldu. Ruhumuzu hər iki matçda ortaya qoyduq. Uşaqlar sağ olsunlar. Çətinliklərlə bura gəldik, amma ən azı Çempionlar Liqasından üzüqara çıxmırıq. Hər iki mərhələdə xarakter göstərdik. Bu cür rəqib önündə belə oynamaq cəsarət tələb edir”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “İlk oyundan sonra “niyə Ömər oynamadı” deyənlər, indi niyə əksini deyirlər?! Həyəcanlı oldu, onun da ucbatından qol buraxdıq. Bu, futbolçunun özü üçün də təcrübədir. İnşallah, yavaş-yavaş keçər. Onu səhvinə görə əvəzləmədim, sadəcə, ayağı ağrıdı deyə, özü dəyişilməsini istədi. Bir futbolçu əvəzlənmək istədisə, ayağının ağrıdığını dedisə, onu əvəzləməliydik. Tanıdığım Ömər yalan danışmaz. Bizim borcumuz futbolçuya motivasiya verib, oyuna çıxarmaqdır. Hansısa futbolçu “mandraj”la çıxıbsa, günah onda yox, məşqçidədir. Deməli, məşqçi onu lazımi qədər oyuna kökləyə bilməyib. Təəssüf ki, Ömərdə bu baş verdi. Əlimizdəki oyunçularla çıxıb oynayacağıq. Hücumçu olmadığı halda, baş məşqçi kimi sistemdə bəzi dəyişikliklər etməlisən. Ən azı oyunçuları bu ruhda meydana çıxarmalıyıq. Bu təcrübə ilə futbolçuların artıracağını düşünürəm. Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir. Bu, bir dəfə alınar. Hansı turnirdə nə qədər irəliləyəcəyimizi zaman göstərəcək. Komandanı motivasiya etmək mənə heç vaxt çətinlik yaratmayıb. Bu artıq şərtdir, heyəti gücləndirməliyik. Bunun nə zaman baş verəcəyi ilə bağlı tutarlı cavabım yoxdur. Əlimizdəkiləri o ruhla meydana çıxarmalıyıq ki, azarkeşlərimiz bu enerjini daim alsınlar, komandaya inansınlar. İstəyimiz odur ki, onlarda olan bu inamı itirməyək. Bundan sonra transfer haqda danışmayacağam. Çünki tutarlı cavabım yoxdur. İnşallah, tezliklə buna cavab olaraq son qoyular. Mbodj cinahlardan asmalar edilirdi, özü hücuma keçmək istədi, biz də “yox” demədik. Çünki artıq hesabın 0:1 və ya 0:2 olmasının fərqi yox idi, qol vurmaq istəyirdik. Transfer barədə danışmayacağam, çünki nəsə demək çox çətindir. Onsuz da ömür boyu odun içində işləmişik. Bəzi işləri cəsarətli görməliyik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Əl-qolumuzu sallamayaq. Yay fasiləsindəki toplanışda yaxşı hazırlaşmamağımızın bir səbəbi bəzi oyunçularda viza problemi yaranmasıdır. Meza Kolli gec qoşuldu. Millinin oyunçuları ilə bağlı problemlər var idi, 8-12 nəfərlə məşq edib səfərə getmişik. Biz get-gedə daha yaxşı olacağıq. Kənar amillər bunlardır. Bizdən asılı olmayan səbəblər var idi. Dünənə qədər ancaq “Olimpiakos”u izləmişik. Sabahdan HİK-ə də baxacağam. Çünki ümidim “Ludoqorets”ə idi, HİK-ə deyildi”.