III “Neftçili Yay” Futbol Düşərgəsində 1-ci qrupa yekun vuruldu

16 iyun 2021, 15:37

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsində 1-ci qrupa yekun vurulub.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat və hədiyyələri Qarabağ qazisi Əliağa Zeynalov təqdim edib. III “Neftçili Yay” Futbol Düşərgəsində 2-ci qrupa sabah start veriləcək.

Qeyd edək ki, pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.