“Neftçi” təlim-məşq toplanışını başa vurdu

19 iyul 2023, 00:18

“Neftçi” Rusiyadakı təlim-məşq toplanışını başa vurub. “Ağ-qaralar” toplanışın sonuncu günündə Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirib. “Otkrıtiye Bank Arena”da baş tutan matçda meydan sahibləri qalib gəlib – 2:0. Rəqibin heyətində Pavel Melyoşin (34-cü dəqiqə) və Kvinsi Promes (37-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, iyulun 1-dən 15-dək Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV Kuboku”nda “Zenit” (1:3), “Srvena Zvezda” (0:4) və “Fenerbahçe” (0:1) klubları ilə qarşılaşmış “Neftçi” iyulun 19-da Bakıya qayıdaraq hazırlığını paytaxtda davam etdirəcək.

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.