“Neftçi” “Matç TV Kuboku”nda sonuncu oyununu keçirib

15 iyul 2023, 18:06

Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan “Neftçi” “Matç TV Kuboku”nda sonuncu oyununu keçirib. “Ağ-qaralar” “Smena” stadionunda “Fenerbahçe”yə məğlub olub – 0:1. Yeganə qolu 72-ci dəqiqədə Edin Dzeko vurub.

Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” (1:3) və “Srvena Zvezda” (0:4) ilə də qarşılaşmış “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.