Adrian Mutu “Neftçi”nin baş məşqçisi təyin olunub
11 iyul 2023-cü il tarixində “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf rumıniyalı futbol mütəxəssisi Adrian Mutu ilə görüşüb. Görüşdə “Neftçi” PFK-nın hazırkı durumu və qarşıya qoyulan hədəflər barədə fikir mübadiləsi aparılıb, klubla bağlı gözləntilər diqqətə çatdırılıb.
Daha sonra rumıniyalı mütəxəssis Adrian Mutu ilə iki illik müqavilə imzalanıb.
“Neftçi” PFK-nın baş məşqçisi təyin olunmasından şərəf duyduğunu bildirən Adrian Mutu deyib: “Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
Xatırladaq ki, ötən mövsüm “Neftçi” PFK-nı çalışdıran baş məşqçi Laurentsiu Regekampf və onun köməkçiləri ilə iyunun 21-də yollar ayrıldıqdan sonra bir sıra namizədlərlə danışıqlar aparılıb, onların arasından klubumuzla maraqları üst-üstə düşən, bacarıq və potensialı ən yüksək olan mütəxəssislə anlaşılıb.
Yeni baş məqşçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq, bu xüsusda mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Adrian Mutu 1979-cu il yanvarın 8-də anadan olub. Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Hellas Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarının formasını geyinib, Rumıniya milli komandasının heyətində 77 oyun keçirib, 35 qol vurub. 2003, 2005, 2007 və 2008-ci illərdə Rumıniyada, 2007-ci ildə isə İtaliyada ilin futbolçusu seçilib.
Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00