Baş məşqçi və köməkçiləri ilə yollar ayrıldı

21 iyun 2023, 14:00

“Neftçi” PFK-nın Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Göstərdikləri xidmətə görə baş məşqçi və köməkçilərinə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.

Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.