Laurentsiu Regekampf: “İnanıram ki, komandam sabah gözəl oyun göstərib gözəl nəticə qazanacaq”
UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Baş məşqçinin fikirləri belə olub: “Kiprdə məğlub olduğumuz ilk oyunu təhlil etdik. Sabahkı oyunda bir məqsədimiz var, meydana çıxıb ilk matçdakı nəticənin təsadüfi olduğunu göstərməliyik. “Aris”ə hörmətlə yanaşırıq, amma sabah oyunda dönüş yaratmaq üçün əlimizdən gələni ecəcəyik. Həm özümüz, həm də azarkeşlərimiz üçün qalib gəlib mərhələ adlamağa çalışacağıq”.
Sonra Emin Mahmudov açıqlama verib: “Məncə, bu oyunun vacibliyi haqda çox danışmağa ehtiyac yoxdur. İlk matçla müqayisədə sabah meydana daha istəkli, daha aqressiv çıxmalıyıq. Yalnız qələbə haqda düşünürük. “Aris” yaxşı, aqressiv komandadır. Növbəti mərhələyə keçmək üçün daha yaxşı oyun nümayiş etdirməliyik”.
Daha sonra kapitan media nümayəndələrinin suallarını cavablandırıb: “0:2 hesabından geri dönüş etmək olar. Biz buna inanırıq və bunu etməyə çalışacağıq. Məşqçini 3-4 həftədir tanıyırıq, hələ ki tam onun istədiyi kimi oynaya bilməmişik. Üstəlik, yeni futbolçularla tam uyğunlaşmamışıq. Müddət keçdikcə bir-birimizi daha yaxşı tanıyacağıq və məşqçinin istədiyini tam yerinə yetirəcəyik. İndiki halda isə bizə nəticə lazımdır. Hamımız bu matçın əhəmiyyətini yaxşı başa düşürük. Buna görə də çox yaxşı köklənmişik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Ardınca Laurentsiu Regekampf suallara cavab verib: “Artıq rəqibi daha yaxşı tanıyırıq. İlk oyunda həm “Aris”in, həm də bizim yaratdığımız qol epizodları oldu. Hətta bizim leyhimizə penalti epizodu var idi, amma verilmədi. Bundan əlavə, rəqibin sarı vərəqəli mərkəz müdafiəçisi qapıçımıza qarşı kobudluğa görə ikinci sarı vərəqəni alıb meydandan qovulmalı idi, amma belə olmadı. “Aris”in pressinq tətbiq etməyi normal idi, çünki evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq. Öz komandama çox güvənirəm və inanıram ki, sabah gözəl oyun göstərib gözəl nəticə qazanacaq. “Neftçi” azarkeşlərinə bildirirəm ki, sabah meydanda vuruşacağıq. Bizim itirməyə heç nəyimiz yoxdur. İlk matçın ikinci hissəsinin ilk 20 dəqiqəsində, demək olar, meydanda yatdıq, iki qol buraxdıq. Səmimi desəm, son dəqiqələrdə üçüncü qolu da buraxmalı idik. Məncə, belə olan halda geri dönüş etmək indikindən daha çətin olardı. Bu mənə işarədir. Çalışıram futbolçularıma düzgün tapşırıq verim. Həftəboyu onlara səhvləri göstərməyə çalışdım. Sabah yaxşı oyun göstərib geri dönüş etmək üçün əlimizdən gələni edəcəyik. İndidən deyə bilmərəm ki, sabah çıxıb 5 qol vuracağıq, amma əlimizdən gələni edəcəyik ki, istəyimizə çata bilək. Əlbəttə ki, bütün transferləri klub rəhbərliyi, idman direktoru, seleksiya departamenti – hamımız birlikdə etmişik. Vaxtımız az olduğu üçün daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik və bunlar “Neftçi”yə xeyirli olacaqlar”.