Laurentsiu Regekampf: “Komandama inanıram”

20 iyul 2022, 21:55

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Sabahkı oyun bizim üçün çox vacibdir. İlk rəsmi matçımızdır. Ağır təlim-məşq toplanışı keçmişik. Ümid edirəm ki, sabah çox yaxşı oyun göstərib mərhələ adlamaq üçün böyük addım atacağıq”.

Sonra Voislav Stankoviç danışıb: “Çox yaxşı hazırlaşmışıq. Rəqibi yaxşı təhlil etmişik. Bura nə üçün gəldiyimizi çox yaxşı bilirik. Baş məşqçimizin də vurğuladığı kimi, 2-3 həftəlik ağır təlim-məşq toplanışını geridə qoymuşuq. Düşünürəm ki, sabah buradan yaxşı nəticə ilə qayıdacağıq”.

Daha sonra serbiyalı futbolçu jurnalistlərin suallarını cavablandırıb: “Məncə, problemlərimiz təkcə müdafiə ilə bağlı deyildi, ümumi olaraq kompakt oynamırdıq. Buna görə də çətinliklər yaranırdı, amma yeni heyət üzvləri ilə birlikdə problemləri aradan qaldırmağa, maksimum az qol buraxmağa çalışacağıq”.

Laurentsiu Regekampfın KİV nümayəndələrinin suallarına cavabı isə belə olub: “Üzr istəyirəm, amma sabahkı oyun üçün heyəti sizə indidən deyə bilmərəm. Təlim-məşq toplanışında çox şeyi sınaqdan keçirmişik. Komanda üzvləri arasından ən yaxşı “11-liy”i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, kimliyindən asılı olmayaraq rəqib bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən yox, bütün heyətdən gedir. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik. Keçmişdə nələrin baş verdiyi önəmli deyil, önəmli olan sabah nələrin baş verəcəyidir. “Aris” çox yaxşı heyətə malikdir. Çoxlu legioner və keyfiyyətli futbolçuları, həmçinin yaxşı məşqçiləri var. Çox aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdədirlər. Buna görə də hansısa problemi aradan qaldırmaq onlar üçün daha da rahatdır. Sabah bizi asan oyun gözləmir. Rəqib aqressiv pressinq tətbiq etməyə çalışacaq. Fiziki cəhətdən də hazırdırlar. Bundan ehtiyat etməliyik. Üstəlik, azarkeş amili də ev sahibinin tərəfində olacaq. Buna baxmayaraq, öz komandama inanıram. Təbii ki, hər bir müsbət nəticə bizim üçün faydalı olacaq, çünki qarşıda cavab oyunu da var. “Aris”ə hörmətlə yanaşırıq, amma buraya sərfəli nəticə qazanmağa gəldiyimizi də gizlətmirik. Mən və köməkçilərim hər gün futbolçularla çalışırıq. Bu müddət ərzində onlara futbol düşüncələrimizi çatdırmağa çalışmışıq, amma çox az vaxtımız olub. Eyni zamanda, onlarla fiziki cəhətdən də işləmək lazım gəlib. Üstəlik, bəziləri bizə gec qoşulub. Buna görə də bir az zamana ehtiyacımız var. Çox təcrübəli futbolçulara sahibik. Sabahkı oyunda onların təcrübəsi bizə lazım olacaq. Bununla belə, komanda şəklində oynamaq çox vacibdir. Hər bir epizod üçün yaxşı taktika seçməliyik. Planımız var, amma oyunun gedişində hər şey dəyişə bilər. Toplanışın son oyununda konsentrasiya əvvəlki kimi olmur. Bu müddət ərzində çatışmayan cəhətlərin üzərində işləyib problemləri aradan qaldırmağa çalışmışıq”.