Samir Abasov: “Yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Sabah” klubu ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Qış fasiləsindən sonra ilk oyun idi. Yeni ilə kubokla başlamağın çətin olacağını gözləyirdik. “Sabah” yüksəlişdə olan komandadır. Kubok matçıdır deyə, nəticədən asılı olmayaraq ikinci oyunda da çətinliklər bizi gözləyəcək. Yolumuza davam etmək üçün əlimizdən gələni edəcəyik”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Harramiz Soares uğursuz transferlərdən biri oldu. Onunla danışdıq, bizi anlayışla qarşıladı. Amma Romen Baskı gərək buraxmayaydıq. Onun probleminə isti yanaşdıq, amma özümüz problemlə üzləşdik. Ailəsi ilə bağlı problemi var idi, onlar bura gəlmək istəmirdilər. Baskı saxlamalı idik, onun yeri görünürdü. Mənimlə eyni durumda olsaydınız, bəlkə siz də anlayışla qarşılayardınız. Amma Mamadu Kane, Sabir Buqrin kimi əsas heyət oyunçularının gedişi gözlənilən idi. Yeni komanda qururuq. Uyğunlaşmaq üçün vaxt lazımdır. Yeni transferlərimiz komandaya xeyir verəcək. Rusiya Premyer Liqasından bura oyunçu gətirmək çətindir. Bu yolda əziyyət çəkənlərə çox sağ ol deyirəm. Futbolçuların gec qoşulmasına görə problemlər yaşadıq. Bununla belə, düşünürəm ki, yaxşı oyunçulardır, tezliklə uyğunlaşmanın öhdəsindən gələrlər. Əlimizdə olan futbolçulardan keyfiyyətinə uyğun ən yaxşı şəkildə yararlanmağa çalışırıq. Problemlərimizi çox yaxşı bilirik. Əlimizdəki futbolçularla davam edəcəyik. Əsas odur ki, düşərgədə ab-hava yaxşıdır. Koronavirus elə bəladır ki, hər kəs kimi, biz də ondan əziyyət çəkirik. Əsas heyət üzvlərinin komandadan getməsi, komandada olanların isə hazır olmaması bizə mənfi təsir edir. Bir həftə ərzində necə hazırlaşacağımızla bağlı çox baş sındırmağa ehtiyac yoxdur. Bunun öz planı var. Hansı oyunçunun həmin vaxt neçə dəqiqə hazır olacağını indidən demək mümkün deyil. Yeni transferlərin də komandaya uyğunlaşmalarını gözləyəcəyik. Bədbinliyə qətiyyən qapılmıram. Çıxış yolumuz durumu yaxşılaşdırmaqdır. Bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, yenə problemlərimiz eyni olacaqdı”.