Samir Abasov: “Qalib gəlmək istəyirdik, amma təəssüf ki, alınmadı”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Sumqayıt” klubu ilə 13-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Çətin oyun keçdi. Qalib gəlmək istəyirdik, amma təəssüf ki, alınmadı. Oyun ərzində çox əziyyət çəkdik. Çünki ötən matçdakı kimi, bu dəfə də qapalı rəqibə qarşı oynadıq. Təəssüf ki, belə hallarda oyuna güc qata biləcək Meza Kolli və Xorxenin yoxluğu da özünü göstərdi. Futbolçular bacardıqları qədər əllərindən gələni etdilər, çox çalışdılar. Sağ olsunlar”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Romenin 3 gündür qızdırması var. Mbodjun barmaqları sınıb, Mert isə cəzalı olduğu üçün meydana çıxmamışdı. Xorxe və Sezar məşqdə zədələniblər. Ola bilər ki, qış fasiləsinə yaxınlaşırıq deyə, zədələr yorğunluqdan qaynaqlanır. Üstəlik, mövsümə daha tez başlamışıq. Amma bəhanə axtarmaq istəmirəm. Hər bir komandada bu cür zədələr olur. Qışdan sonra vəziyyəti düzəltmək üçün nələri dəyişəcəyimiz haqqında fikirləşirik. Bu, daxili mətbəxin işidir. Axtarışdayıq. Bəzi mövqeləri gücləndirmək, yerli balansını düzəltmək istəyirik. Bu isə çox çətindir. Bu vəziyyətdən akademiyanın uşaqları yaxşı qazanc əldə edə bilərlər. Onların bu yükün altından necə çıxa biləcəklərini zaman göstərəcək. Seleksiya xidmətimiz yaxın ətrafımızda olan azərbaycanlılarla maraqlanır. Bu istiqamətdə işlərimiz gedir, amma konkret olaraq ad çəkə bilmərəm. Əlbəttə, futbolçu tez qərar verməlidir. Bu, onun şəxsi bacarığına bağlıdır. Təcrübəsizlik və tələskənlik buna mane olur. Həm də rəqib çox sıx oynayırdı. Disbalans var və bunu qısa zamanda aradan qaldıra bilməyəcəyik”.