"Neftçi" PFK-nın Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazası hələ ki komandanın tam ixtiyarına verilməyib. Uzun müddətdir burada aparılan tikinti işləri artıq tamamlanmaq üzrədir. Yaxın zamanlarda müasir tələblərə tam cavab verən təlim-məşq bazasının klubun ixtiyarına verilməsi nəzərdə tutulub.

"Neftçi Futbol Mərkəzi” adlanan bazada 6 mərtəbədən ibarət inzibati binada klubun əməkdaşlarının fəaliyyət göstərməsi üçün ofislər, futbolçuların yaşaması, qidalanması, tibbi müayinə və bərpa prosesi keçməsi üçün bütün imkanlar yaradılacaq. Binanın daxilində, həmçinin fitness zalı, sauna və basseyn də istifadəyə veriləcək.

Təlim-məşq bazasının ərazisində hazırda beynəlxalq standartlara cavab verən 3 təbii otdan, 1 üstü açıq, 1 ədəd isə qapalı süni meydança artıq futbolçuların ixtiyarına verilib. Hazırda "Neftçi"nin əsas və aşağı yaşlardan ibarət bütün komandaları məşqlərini burada edirlər. Həmçinin əvəzedici və akademiya komandaları rəsmi oyunlarını da baza ərazisində fəaliyyət göstərən meydançalarda keçirirlər. Yeni istifadəyə verilən üstü açıq süni meydançanın ətrafında 1000 nəfərə yaxın azarkeş tutumuna malik tribuna və əlavə paltardəyişmə otaqlarının da istifadəyə verilməsi nəzərdə tutulub.    

Baza ərazisində, həmçinin yaxın zamanda "Neftçi” Futbol Akademiyasına məxsus 2 mərtəbəli müasir standartlara cavab verən inzibati binanın da tikintisi başlayacaq. Burada komandalarda çıxış edən 35-ə yaxşın uşağın yaşaması, təhsil alması və məşq etməsi üçün bütün imkanlar yaradılacaq.