Azərbaycan Superkubokunun qalibi

İkinci dəfə Super Kubokun qalibi olur

Mövsümə ciddi hazırlaşan “Neftçi” çempionat başlamamış ilk titulunu qazandı.

Flaqman “Səhər” qəzetinin təşkil etdiyi Superkuboka sahib çıxdı. Lakin iyulun 23-ü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən həlledici görüşdə “Turan”ı məğlub etmək asan başa gəlmədi.

Düzdür, hesabı “Neftçi” açdı. Nazim Əliyev 22-ci dəqiqədə adını tabloya yazdırdı. Amma fasilədən sonra, daha dəqiqi, 64-cü dəqiqədə Tovuz təmsilçisi hakimin təyin etdiyi penalti zərbəsindən maksimum faydalandı – 1:1. 9 dəqiqə hakim növbəti dəfə penalti nöqtəsini göstərdi, bu dəfə komandamızın leyhinə. Bununla belə, Yunis Hüseynov fürsəti boşa verdi. Bundan sonra nə əsas vaxtda, nə də əlavə hissələrdə qapılara qol vuruldu.

Qalibi oyunsonrası penalti seriyası müəyyənləşdirməliydi. Zərbələri daha dəqiq yerinə yetirən (8:7) “Neftçi” ikinci dəfə Superkuboku başı üzərinə qaldırdı.