Yuri Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” matçından əvvəl komandamızın baş məşqçisi Yuri Vernidub klubumuzun mətbuat xidmətinə açıqlama verib:
“Belə oyunlardan sonra psixoloji zərbə almış oluruq. Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik. Əgər xarakterimiz varsa, meydana çıxıb sonadək vuruşacağıq. Buna görə də sabahkı oyunu gözləyirik. Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah “Neftçi”yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”.
Qeyd edək ki, “İctimai TV” ilə canlı yayımlanacaq oyunu “Youtube” platforması üzərindən yalnız “Neftçi TV”dən izləmək mümkün olacaq.





