A Komanda
21 July 202616:25

Yuri Vernidub: “90-cı ildönümündə “Neftçi”nin Azərbaycan çempionu olmasını arzulayıram”

Yuri Vernidub: “90-cı ildönümündə “Neftçi”nin Azərbaycan çempionu olmasını arzulayıram”

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) oyunundan əvvəl komandamızın baş məşqçisi Yuri Vernidub və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Əvvəlcə kapitan sualları cavablandırıb: “Yaxşı hazırlaşmışıq. Yaxşı oyun göstərib qalib gəlməliyik. “Neftçi”nin 90 illiyinə görə çox böyük motivasiyamız var. Bizim üçün çox vacib mövsümdür. Minsk “Dinamo”suna hörmətlə yanaşırıq. Gənc heyətə malik olan yaxşı komandadır. Azarkeşlərimiz möhtəşəm atmosfer yaratmışdılar. Bizə böyük dəstək verdilər. Mövsüm boyu həmişə yanımızda oldular. Buna görə də onlara çox təşəkkür edirəm. Əlimizdən gələni etməliyik ki, azarkeşlərimiz daha çox sevinsinlər. Heyətimizin 70 faizi dəyişilməyib deyə, daha da stabil oynayacağıq. Bir az da güclənib daha da yaxşı olacağıq”.

Baş məşqçimizin fikirləri belə olub: “90-cı ildönümündə “Neftçi”nin Azərbaycan çempionu olmasını arzulayıram. Çünki buna layiqdir və Azərbaycanın tarixində xüsusi rolu olan klubdur. Bundan əlavə, Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmağı da arzulayırıq. Məşqçi kimi heç vaxt bu turnirdə çalışmamışam. Bu mənim üçün çox yaxşı təcrübə olardı. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək. Rəqibimiz öz ölkəsinin çempionudur. Həm də hazırda Belarus çempionatının, necə deyərlər, qızğın vaxtıdır. Bu onlar üçün üstünlükdür. Əvvəlcə “Dinamo”nu keçməyə çalışmalıyıq ki, sonra digər rəqiblər haqda düşünməyə başlayaq”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: