VI “Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrup mükafatlandırıldı

26 iyun 2024, 13:08

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI “Neftçili Yay Futbol Düşərgəsi” layihəsində 2-ci qrupa yekun vurulub.

“Neftçi” Futbol Mərkəzində baş tutan əyləncəli səhər proqramından sonra mükafatlandırma mərasimi təşkil olunub. Uşaqlara sertifikat və hədiyyələri “Neftçi” PFK-nın mətbuat katibi Emin Əfəndi və komandamızın gənc qapıçısı Rza Cəfərov təqdim ediblər. Daha sonra “Neftçi Arena”ya yollanan iştirakçılar üçün stadion turu təşkil olunub. Uşaqlar klubun muzeyi, fan mağaza, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.

İyunun 29-dək davam edəcək layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.