“Neftçi” çempion!

30 dekabr 2023, 14:15

U-10 komandamız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş turnirin qalibi olub. Gənclər və İdman Nazirliyinin, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin və “Amasiya” İdman Kompleksinin təşkilatçılığı ilə 2014-2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın final matçında baş məşqçi İslam Kərimovun yetirmələri “Amasiya”nı 5:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb. Komandamızın qollarından ikisini Mehdi Mərdanov, hərəyə birini Raul Pənahov və Azər Xankişiyev vurublar. Bir dəfə isə avtoqol qeydə alınıb.

Turnirdə 3-cü yeri ROFM tutub. Komandamızın üzvlərindən Mehdi Mərdanov turnirin ən yaxşı bombardiri olub, Raul Pənahov isə ən texnikalı oyunçusu seçilib. Kubok və medalları mükafatçılara “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, klubun Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov və digər veteran futbolçular təqdim ediblər.