“Neftçi” və “Forza Neftçi” gənc futbolçumuzu ziyarət etdi

12 dekabr 2023, 20:30

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində dekabrın 9-da Mingəçevir şəhər stadionunda baş tutan “Ulduz Mingəçevir” – “Neftçi” qarşılaşmasında zədələnən qapıçımız Nurəziz Əzizov uğurlu əməliyyat keçirdikdən sonra sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”da müalicəsini davam etdirir. Bu gün “Neftçi”nin qapıçıları Aqil Məmmədov, İvan Brkiç və Rza Cəfərov gənc qolkiperi ziyarət edib, ona dəstək olublar. Daha sonra “Forza Neftçi” Azad Azarkeş Qrupunun üzvləri də Əzizovla görüşüblər. Tribunada daim komandanın yanında olan azarkeşlər bu dəfə gənc qolkiperə dəstək nümayiş etdiriblər. Azarkeşlər qapıçımıza şəfa diləyib və onu yenidən yaşıl meydanlarda görmək istədiklərini bildiriblər.

Qeyd edək ki, Nurəziz Əzizov bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq.