Reziuan Mirzov Azərbaycan xalqını təbrik etdi
“Neftçi” və “Zenit” (Sankt-Peterburq, Rusiya) klubları arasında noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı mətbuat konfransı təşkil olunub. Klubun mətbuat katibi Emin Əfəndi “Neftçi Arena”da baş tutan tədbiri açıq elan edəndən sonra sözü rusiyalı futbolçu Reziuan Mirzova verib.
Reziuan Mirzov: “Hər kəsi salamlayıram. Dəvət üçün təşəkkür edirəm. Sizi və Azərbaycan xalqını ölkənizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edirəm”.
- 10-a yaxın Rusiya klubunda oynamısınız. "Zenit"ə qarşı oyunlardan yadınızda nəsə qalıb?
- Uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm və "Zenit"ə qarşı çox oynamışam, amma "Zenit" çox dəyişib. Həmin "Zenit" indikindən 4-5 baş üstün idi. Bir az da şans onların tərəfində olur. Komandada dəyişikliklər var. Malkom təzə gedib. Bəzi oyunlarına baxmışam, fərqli sxemlə oynayırlar. Artıq 4-5 top fərqli ilə qələbə qazanmır. İndi yadıma düşdü ki, "Arsenal”da (Tula) oynayanda 4:2 qalib gəlmişdik və ikinci qolu mən vurmuşdum. Həmin il Avropa Liqasında oynayırdıq və "Neftçi"yə rəqib olmuşduq.
- Üç gündən sonra qol vurmaq üçün nələrsə edəcəksiz?
- Hər zaman olduğu kimi, qol vurmağa çalışacağam. Qalib gəlmək və komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.
- Komandanın çempionatda vəziyyəti ürəkaçan deyil və azarkeşlər oyundan narazıdır. Azarkeşlərə hansı çağırışı etmək istəyirsiniz?
- Həqiqətən də çətin dövr keçirik. Nəticələr istədiyimiz kimi deyil. Azarkeşləri başa düşürük. Təkcə onlar deyil, klub rəhbərliyi və futbolçular da vəziyyətin düzəlməsini istəyir. Təəssüf ki, son oyunda məğlub olmuşuq. Hər oyuna çıxıb qələbə qazanmalıyıq ki, vəziyyət dəyişsin.
- İlk vaxtlar heyətə düşməkdə çətinlik çəkirdiniz. Bu nə ilə bağlı idi?
- Təxminən 3 ay idi ki, məşq etmirdim. Komandaya qoşulanda klub Qəbələdə təlim-məşq toplanışında idi. Yavaş-yavaş forma yığmağa çalışırdım. Oyuna çıxdıqca formamı yığmağa başlayıram. Çalışıram ki, yaxşı çıxış edim və əsas heyətdə olum.
- Hər bir futbolçunun ölkəsində çıxış etmək arzusu var. Rusiyanın ən məşhur klubu "Spartak"ddır ki, siz də orada 3 il çıxış etmisiniz. 30 yaşına qədər istədiyiniz klubda oynamısınız, yoxsa hələ də arzularınızın komandası var?
- Rusiyanın ən böyük klubunda çıxış etmişəm. Ölkə əhalisinin yarıdan çoxu "Spartak"a azarkeşlik edir. Başqa şəhərlərdə olanda da azarkeşlər bizə bunu hiss etdirirdi. Düzdür, həmin klubda karyeram istədiyim kimi olmadı, amma arzuladığım klubda çıxış etmişəm.
- Millilərin oyunu ilə bağlı yaranmış fasilənin və "Zenit"lə matçın komanda üçün hansı müsbət tərəfləri olacaq?
- Sözsüz ki, güclü rəqibə qarşı oynayacağıq. Belə böyük tarixi olan güclü rəqiblərə qarşı oynamaq böyük təcrübədir. Belə komanda ilə bir oyun bir həftəlik məşqə bərabərdir. “Zenit”lə oyundan sonra ab-hava yaxşılaşacaq. Bu onlar üçün də xeyirlidir, çünki sanksiya səbəbi ilə Rusiya komandaları xarici klublarla oynamırlar.
- "Neftçi" səfərdə inamlı çıxış edir, amma ev oyunlarında qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Təbii ki, "Neftçi Arena"da daha yaxşı çıxış etməliyik. Qarşıdakı 5 oyundan 4-ü burada olmalıdır. Çalışacağıq ki, qələbə qazanaq.
- Mirzov suallara diplomatik cavab verir. Jurnalistlər ondan maraqlı cavab gözləyirlər. Düzdür, bu, yoldaşlıq oyunudur, amma 4 ay bundan əvvəl "Zenit"ə məğlub olmuşduq. Kluba və azarkeşlərə qələbə lazımdır. Bu matçdan istifadə edib yaxşı geridönüş etmək olar. Bizim vasitəmizlə azarkeşlərə söz verə bilərsiniz ki, "Neftçi" qələbə qazanacaq?
- Belə şeyləri xoşlamıram. Bəzən emosional şəkildə nəsə deyirsən, sonra məğlub olursan. Stadionda oyunumu göstərib, sonra emosialarımı bildirmək istəyirəm.
- Klubun son oyunlarda video məsələsindən xəbəriniz var idi? Bu addımları necə qiymətləndirirsiniz?
- Demək olar ki, çox maraqlıdır. Lakin onun tərəfdarıyam ki, meydanda gücümüzü göstərək, Bu, Rusiyada, bütün dünyada var. Videoya görə daha çox motivasiya olmalı idik. Təəssüf ki, son oyunlarda qalib gələ bilmədik.
- Ardıcıl ev oyunları olacaq. Bu komandaların yalnız "Turan Tovuz"u məğlub etmisiniz. Daha sonra "Qarabağ"la qarşılaşacaqsınız. Bu qrafik sizi qorxutmur?
- Belə qrafik qorxudursa, onda futbol oynamayaq. Böyük komandalarla oyun çox yaxşı olur. Çünki son dəqiqəyə qədər dinamika var. Maksimum xal qazanıb azarkeşlərimizi sevindirməliyik ki, stadiona gəlsinlər.
- Bəlkə də dünyada ilkdir ki, futbolçu tək mətbuat konfransına çıxır. Adətən bu avrokubok oyunlarından əvvəl və baş məşqçi ilə olurdu. Bu sizi necə hiss etdirir? Sizin üçün təkbətək konfrans yaxşıdır, yoxsa ümumi müsahibə formasında?
- Bu qədər jurnalist var, əlbəttə, bu mənim üçün xoşdur. Çünki insanlar sənə diqqət və vaxt sərf edirlər. Mənim üçün hər iki hal xoşdur. Əsas sizin üçün xoş olsun.
- Kabardin Balkariya Respublikasında doğulmusunuz. Yəqin bilirsiniz ki, Balkar dili Azərbaucan dilinə yaxındır, türkdilli xalqlardan biridir. Bu respublikadan Azərbaycan çempionatında oynamağa namizəd fubolçu var?
- Bəli, oxşarlıq var, amma fərqli dillərdir. Bir-iki futbolçu Rusiyanın aşağı liqasında oynayır. Düşünürəm ki, onlar Azərbaycana gəlsələr, itib-batmazlar. Çünki burada da çempionat maraqlı keçir.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, cənab Prezident!
Klub 24 dekabr 2024, 00:00 -
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
Klub 12 dekabr 2024, 00:00 -
“Neftçi” PFK “MatchWornShirt” ilə əməkdaşlığa başlayır!
Klub 6 dekabr 2024, 18:49 -
Olimpiya çempionu Hidayət Heydərov “Neftçi” Futbol Mərkəzində
Klub 29 noyabr 2024, 16:38